Azərbaycan təhsilində DİM və ETN arasında uyğunsuzluq var - Ekspertdən TƏNQİD
"Azərbaycan təhsilində son dövrlərdə baş verən dəyişikliklər və tətbiq olunan yeniliklər xüsusilə qiymətləndirmə sahəsində məndə ciddi narahatlıqlar doğurur".
Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov dedi. Onun sözlərinə görə, bu iki qurumun fərqli yanaşmaları, valideynlərin və şagirdlərin seçim qarşısında qalmasına və bəzən təhsil sisteminə inamsızlığın artmasına səbəb olur.
"Dövlət İmtahan Mərkəzi (DİM) yeni üsullarla, daha çox beynəlxalq standartlara uyğun qiymətləndirmə mexanizmləri tətbiq edir. Paralel olaraq Elm və Təhsil Nazirliyi (ETN) rəqəmsal qiymətləndirmələri inkişaf kimi təqdim edir və bu yanaşmanı təhsilin müasir texnologiyalarla inteqrasiyası istiqamətində mühüm addım hesab edir.
Ən böyük problem bu iki qurum arasında vahid yanaşmanın olmamasıdır. Hər iki tərəf öz istiqamətində islahatlar həyata keçirsə də bu islahatların bir-birinə uyğunluğu barədə suallar açıq qalır. DİM-in tətbiq etdiyi yeni imtahan formatları və daha çətin suallar valideynləri narahat edir çünki onlar bu dəyişikliklərə uyğun tədris resursları və məktəb proqramlarının vaxtında yenilənmədiyini görürlər. ETN isə rəqəmsal qiymətləndirmələri tətbiq etməklə məktəb mühitində yeniliklərə addım atır lakin bu dəyişikliklərin real nəticələri barədə dəqiq analizlər hələ təqdim olunmayıb".
Ekspert qeyd etdi ki, belə olan halda təhsil sistemində qeyri-müəyyənliklər yaranır nəticədə valideynlər övladlarının təhsilini repetitorlara etibar etməklə çıxış yolu axtarırlar.
"Statistikaya əsasən Azərbaycanda abituriyentlərin təxminən 90%-i repetitorların köməyindən istifadə edir. Bu rəqəm təhsil sisteminin məktəb səviyyəsində şagirdlərin tam hazırlığını təmin etməkdə uğursuzluğunu əks etdirir. Belə vəziyyət yalnız valideynlər üçün əlavə maliyyə yükü yaratmır həm də məktəblərin tədris prosesindəki funksiyasını kölgə altına salır.
Qanunvericilik baxımından “Təhsil haqqında” Qanunun 5-ci maddəsində dövlətin keyfiyyətli və əlçatan təhsili təmin etməsi qeyd olunur. Lakin məktəblərin proqramları və resursları ilə DİM-in imtahan formatları arasındakı uyğunsuzluq bu maddənin praktikada tətbiq edilməməsi ilə nəticələnir. Şagirdlər məktəblərdə nəzəri biliklər öyrənsələr də bu biliklər çox vaxt DİM-in qiymətləndirmə tələblərinə uyğun gəlmir. Nəticədə repetitor xidməti bir zərurətə çevrilir.
Dünya təcrübəsində belə bir uyğunsuzluğun qarşısını almaq üçün vahid qiymətləndirmə və təhsil standartları tətbiq olunur. Məsələn, Finlandiyada dövlət təhsil sistemi ilə qiymətləndirmə standartları tam sinxronlaşdırılıb. Bu şagirdlərin yalnız məktəb tədrisi ilə yüksək nəticələr əldə etmələrinə imkan yaradır. Sinqapurda da məktəb proqramları və milli imtahan tələbləri arasında sıx əlaqə mövcuddur ki, bu da valideynlərin repetitorlara ehtiyacını minimuma endirir".
Onun sözlərinə görə, Azərbaycan təhsilində isə iki əsas problem mövcuddur:
"Məktəb proqramlarının qeyri-adekvat olması və qiymətləndirmə sistemlərinin inteqrasiyasının zəifliyi. DİM və ETN-in birgə işləməsi və vahid təhsil yanaşmasının formalaşdırılması bu problemin həlli üçün əsaslı addım ola bilər. Əgər hər iki qurum təhsil proqramlarını və qiymətləndirmə meyarlarını sinxronlaşdırarsa məktəblərin tədris keyfiyyəti artırıla və repetitor ehtiyacı minimuma endirilə bilər. Bu həm valideynlərin maliyyə yükünü azaldar, həm də məktəb təhsili ilə imtahan sistemləri arasında mövcud olan uçurumu aradan qaldırar.
Təhsil sistemində məqsəd yalnız yeniliklər tətbiq etmək deyil, bu yeniliklərin vahid və inteqrativ yanaşma əsasında həyata keçirilməsidir. DİM və ETN-in birgə fəaliyyəti və cəmiyyətin ehtiyaclarına uyğun islahatların həyata keçirilməsi ölkə təhsilinin keyfiyyətini artıraraq, məktəb təhsilinin əhəmiyyətini geri qaytara bilər. Bu həm də gələcək nəsillərin təhsilinə daha sağlam əsaslar üzərində yanaşmanı təmin edər".
Türkan İSGƏNDƏRLİ