"Azərbaycanda tələbələrin 65%-i sərbəst işləri özləri hazırlamır" - çıxış yolu nədir?
Universitetlərdə müəllimlər tələbələrdən bir neçə sərbəst iş tələb edirlər. Lakin tələbələr daha yüksək qiymət almaq üçün və ya əziyyət çəkməmək üçün sərbəst işləri ödənişlə başqalarına yazdırırlar. Hətta bəzi sosial şəbəkələrdə sərbəst işlərin yazılması üçün səhifələr də var. Əgər tələbə sərbəst işlərini özləri yazmırsa, sərbəst işin bir önəmi yoxdur.
Sərbəst işi hər hansısa praktik və tələbələr üşün maraqlı forma ilə əvəz etmək olarmı?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov bildirdi ki, universitetlərdə tələbələrdən sərbəst işlərin tələb olunması təhsil prosesində tələbənin analitik düşünmə, tədqiqat aparma və yazılı ifadə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Lakin onun sözlərinə görə, bu prosesin real icrası çox vaxt nəzərdə tutulan nəticələrə gətirib çıxarmır:
"Tələbələrin böyük bir hissəsi sərbəst işlərin əhəmiyyətini dərk etmədən, bu tapşırıqları formal olaraq yerinə yetirir və ya başqalarına hazırlatdırır. Təhsil sisteminin belə vəziyyətlə qarşılaşması həm tələbələrin inkişafına mane olur, həm də təhsil keyfiyyətinə mənfi təsir edir. Statistik göstəricilər sərbəst işlərin icrası ilə bağlı problemləri daha dəqiq şəkildə üzə çıxarır. 2022-ci ildə aparılmış bir araşdırmaya əsasən, Azərbaycanda tələbələrin təxminən 65%-i sərbəst işləri özləri hazırlamır və bu işləri üçüncü tərəfə həvalə edir. Bunun əsas səbəbləri kimi sərbəst işlərin tələbələr tərəfindən maraqsız və çətin görülməsi, plagiarizmin geniş yayılması və tələbələrin vaxt azlığı göstərilir. Eyni zamanda sosial şəbəkələrdə sərbəst işlərin yazılması üzrə xidmətlər təklif edən onlarla səhifə mövcuddur ki, bu da problemin nə qədər ciddi olduğunu göstərir”.
Ekspert qeyd etdi ki, “Təhsil haqqında” Qanunun 22-ci maddəsində tələbələrin müstəqil tədqiqat və yaradıcı fəaliyyətini inkişaf etdirmək təhsil prosesinin əsas vəzifələrindən biri kimi qeyd olunur:
"Bu kontekstdə sərbəst işlər təhsil prosesinin ayrılmaz hissəsi olmalı və tələbənin fərdi inkişafına xidmət etməlidir. Lakin təcrübədə sərbəst işlər çox vaxt formal xarakter daşıyır və tələbələrin inkişafına real töhfə vermir. Sərbəst işlərin yazılmasında tələbələrdən əsasən nəzəri məlumatların toplanması və təqdim olunması tələb edilir. Bu isə tələbənin tədqiqat və analitik bacarıqlarının inkişafına töhfə vermək əvəzinə, yalnız məlumatları bir araya toplamağa yönəlir. Nəticədə tələbələr yaradıcı düşüncədən və tədqiqat metodlarından uzaq qalır”.
K.Əsədovun sözlərinə görə, məsələnin mənfi tərəflərini daha dərindən araşdırdıqda, tələbələrin sərbəst işlərin yazılması prosesinə qarşı münasibətinin neqativ olduğunu görmək mümkündür.
"Bir çox tələbə sərbəst işləri əlavə yük kimi qəbul edir və onların real dəyərini anlamır. Bu vəziyyət, həmçinin müəllimlərin yanaşması ilə də əlaqəlidir. Müəllimlər sərbəst işlərin icrasına nəzarət etmək üçün əlavə vaxt və resurs sərf etmək məcburiyyətində qalırlar ki, bu da onların əsas pedaqoji fəaliyyətinə mane olur. Həmçinin, sərbəst işlərin keyfiyyətinin yoxlanılmasında obyektiv meyarların olmaması müəllimlərin bu işlərə yanaşmasını formal edir.
Dünya təcrübəsi göstərir ki, sərbəst işlərin əvəzinə praktik fəaliyyətlərin tətbiqi təhsilin keyfiyyətini artırmaq üçün effektiv yanaşmadır. Məsələn, ABŞ universitetlərində tələbələrdən tez-tez “case study” (hadisə təhlili), qrup layihələri və real problemlər üzərində işləmək tələb olunur. Bu yanaşma tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirir və onların analitik düşünmə qabiliyyətlərini inkişaf etdirir. Eyni zamanda Avropa universitetlərində tələbələrdən tədqiqat layihələri və təqdimatlar hazırlamaq tələb olunur ki, bu da onların biliklərini daha yaradıcı şəkildə tətbiq etməsinə şərait yaradır”, - deyə mərkəz rəhbəri bildirdi.
Təhsil eksperti əlavə etdi ki, Azərbaycanda sərbəst işlərin praktik fəaliyyətlə əvəz olunması məsələsi təhsil sistemində ciddi islahatlara ehtiyac olduğunu göstərir. Onun fikrincə, tələbələrin yalnız nəzəri bilikləri deyil, həm də praktik bacarıqları inkişaf etdirmək üçün aşağıdakı addımlar atıla bilər:
"Tələbələrə real iş mühitinə əsaslanan layihələr təqdim edilməlidir. Məsələn, iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələrdən bazar təhlili hazırlamaq, mühəndislik tələbələrindən isə texniki dizayn layihələri işləmək tələb oluna bilər.
Praktiki fəaliyyətlər tələbələrin ixtisaslarına uyğun olaraq daha məqsədli şəkildə hazırlanmalıdır. Bu fəaliyyətlər onların gələcəkdə əmək bazarına daha hazırlıqlı çıxmasına kömək edər.
Universitetlərdə laboratoriyalar və təcrübə mərkəzləri yaradılmalı və tələbələrin real iş mühitində təcrübə qazanmasına imkan verilməlidir".
K.Əsədov həmçinin hesab edir ki, sərbəst işlərin tamamilə ləğvi təhsil sistemində ciddi boşluqlar yarada bilər, lakin onların daha praktik və tələbələr üçün maraqlı formatlara çevrilməsi mümkündür:
"Bu, tələbələrin təhsilə daha böyük motivasiya ilə yanaşmasını təmin edər və onların bilik və bacarıqlarının keyfiyyətini artırar. Beləliklə, sərbəst işlərin əhəmiyyəti artırılaraq, onların təhsil prosesinə real töhfə verməsi təmin oluna bilər".
BƏNÖVŞƏ