Orta məktəblərdə KSQ və BSQ-lər ləğv oluna bilər? - AÇIQLAMA

 13:19 31.01.2025     276

Məlum olduğu kimi, orta məktəblərdə şagirdlərin bilik və bacarıqları summativlərlə (KSQ, BSQ) qiymətləndirilir. Ancaq bu sistemin effektivliyi, faydası və real nəticələri barədə müxtəlif yanaşmalar mövcuddur.

KSQ və BSQ-lər başqa bir qiymətləndirmə forması ilə əvəz oluna bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov bildirdi ki, məktəbdə daxili qiymətləndirmənin bir neçə forması var:

"Bunlar diaqnostik, formativ, kiçik və böyük summativlər şəklində həyata keçirilir. Bütövlükdə bu qiymətləndirmə, yəni KSQ və BSQ-lər təhsil alanların məzmunu mənimsəməsinin ölçülməsini yoxlamaq üçündür. Kurikulum tətbiq olunan siniflərdə həyata keçirilir, yəni bu kurikulumun tələbidir. Sistemin effektivliyi, faydası barədə fikirlər müxtəlif ola bilər, amma bütövlükdə həm də Azərbaycan təhsilində tətbiq olunan kurikulum sistemindən irəli gələn tələblərdir. Fərqli şəkildə qiymətləndirmə sistemi aparmaq mümkün deyil”.

Ekspert hesab edir ki, kurikulum tətbiq olunan siniflərdə bu qiymətləndirmə sistemi kifayət qədər effektivdir və düzgün qiymətləndirmə formasıdır.

"Bu qiymətləndirmə kurikulumun tərkib hissələrindən biridir. Dünyada kurikulum tətbiq olunan siniflərdə qiymətləndirmə forması bu şəkildə qəbul olunub", - deyə İlqar Orucov qeyd etdi.

BƏNÖVŞƏ