Təhsilin məqsədi bu deyil - AÇIQLAMA

 12:13 04.02.2025     77

"Təhsilin əsas məqsədi yalnız bilik ötürmək deyil, eyni zamanda kreativ və istedadlı fərdləri aşkar edərək onları insan kapitalına çevirməkdir. XXI əsrdə ölkələrin iqtisadi və sosial inkişafı artıq təkcə təbii resurslara deyil, insan kapitalına əsaslanır. Neft və digər təbii ehtiyatların tükənməsi fonunda dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün innovasiya və sənaye tətbiqlərinə yönəlmiş təhsil modeli qurulmalıdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, təhsil yalnız diplom almaq üçün yox fərdin cəmiyyətə faydalı olması və onun iqtisadi sistemdə aktiv iştirak etməsi üçün bir vasitə olmalıdır.

"Əgər bir ölkənin vətəndaşları düşüncədə “hazır ev”, “hazır iş” və “hazır rifah” gözləyirsə, o zaman bu ölkənin inkişafı ləngiyəcək. İnsan kapitalına yönələn ölkələr isə fərdləri öz həyatlarının memarı kimi yetişdirir. Gələcəyin dünyasında təhlükəsizliyin və müstəqilliyin təminatı da məhz insan kapitalıdır.

Benjamin Franklin haqlı olaraq deyirdi: “An investment in knowledge pays the best interest.” (Biliyə qoyulan sərmayə ən yaxşı dividendi gətirir). Çünki bilik və bacarıq, resurslardan asılı olmadan cəmiyyətə uzunmüddətli dəyər qazandırır. Təhsil siyasəti istedadlı fərdlərin ortaya çıxmasına və onların ixtiralarının sənayeyə tətbiqinə xidmət etməlidir ki, ölkə dünya bazarında öz məhsulları ilə yer tuta bilsin.

Bu məqsədə çatmaq üçün təhsil tədqiqatları daha konkret hədəflərə yönəlməlidir:
 • Kreativ və istedadlı uşaqların erkən aşkarlanması,
 • Onların bilik və bacarıqlarının innovasiya yönümlü inkişaf etdirilməsi,
 • Sənaye və bazarla əlaqələndirilmiş təhsil proqramlarının tətbiqi,
 • Fərdin istehsalçı və sahibkarlıq ruhunda yetişdirilməsi".

Ekspertin fikrincə, iqlim dəyişikliyi və neftə tələbatın azalması fonunda iqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün elmi-tədqiqatlara əsaslanan təhsil modeli qurulmalıdır:

"Əks halda ölkələr qlobal iqtisadiyyatın tələblərinə cavab verməkdə çətinlik çəkəcək. Qlobal bazarda rəqabət apara bilən ölkələr neft və qaz kimi resurslardan deyil, insan kapitalından güc alanlardır.

Hər bir vətəndaş anlamalıdır ki, onun rifahı yalnız dövlətin üzərinə düşən məsuliyyət deyil. Hər kəs öz gələcəyini özü qurmalı, çalışmalı və yaratmalıdır. “İşləməsən, dişləməyəcəksən” prinsipi təhsilin əsas fəlsəfəsi olmalıdır. Təhsil sistemi isə insanlara balıq vermək deyil, onları balıq tutmağı öyrətməlidir".

Türkan İSGƏNDƏRLİ