Azərbaycan təhsilində müəllimlərin hazırlıq səviyyəsi aşağıdır - AÇIQLAMA
"Müəllim təhsili və peşəkarlıq səviyyəsi birbaşa ölkənin təhsil sisteminin keyfiyyətini müəyyənləşdirən əsas faktorlardan biridir. Hazırda Azərbaycan təhsilində əsas problemlərdən biri məhz müəllimlərin hazırlıq səviyyəsi, tədris metodları və davamlı inkişaf imkanlarının məhdudluğudur".
Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov deyib. Onun fikrincə, bunun bir neçə səbəbi var:
Pedaqoji universitetlərdə təhsil proqramlarının müasir tələblərə cavab verməməsi, tələbələrin praktiki bacarıqlarının zəif olması, Onların işə qəbulu sistemində obyektivlik və səmərəlilik problemləri, sertifikasiya prosesinin real peşəkar inkişaf vasitəsinə çevrilməməsi, maaşlarının və sosial statusunun cəlbedici olmaması səbəbindən bu sahəyə marağın azalması eləcə də interaktiv və layihə əsaslı təhsilin kifayət qədər tətbiq olunmaması əsas problemlərdəndir.
OECD və PISA qiymətləndirmələrində Azərbaycan şagirdlərinin nəticələri dünya səviyyəsində geridə qalır. Finlandiya, Sinqapur və Estoniya kimi ölkələrdə müəllimlərin peşəkarlığına ciddi sərmayə qoyulur, onlara güzəştlər tətbiq olunur. Məsələn, Finlandiyada müəllim olmaq üçün ən yaxşı tələbələr seçilir və təhsilləri dövlət tərəfindən tam maliyyələşdirilir, Sinqapurda hər il yeni metodikalar öyrənir və mentorluq sistemi ilə inkişaf etdirilir, Estoniyada isə təhsil rəqəmsallaşdırılıb, müəllimlər texnologiyadan effektiv istifadə edir".
Ekspert, təhsil sektorunun gücləndirilməsi üçün bir neçə təklif irəli sürüb:
"- Pedaqoji universitetlərdə islahatlar – Müasir kurikulumlar və praktiki təcrübələrin artırılması.
- Davamlı inkişaf və ixtisasartırma proqramları – Müəllimlərin biliklərini yeniləməsi üçün real imkanların yaradılması.
- Maaş və sosial təminatın artırılması – Peşənin nüfuzunu yüksəltmək üçün dövlət dəstəyinin gücləndirilməsi.
- Müasir tədris metodlarının tətbiqi – STEAM, layihə əsaslı öyrənmə və interaktiv dərs modellərinin genişləndirilməsi.
Təhsilin keyfiyyətini artırmaq üçün müəllimlərin peşəkar inkişafı prioritet olmalıdır. Əgər biz real dəyişiklik istəyiriksə, müəllim hazırlığını və davamlı inkişafını gücləndirmək üçün təcili islahatlar aparmalıyıq. Müasir, savadlı və motivasiyalı müəllimlər yetişdirmədən təhsil sistemimizin irəliləməsi mümkün deyil".
Türkan İSGƏNDƏRLİ