"Ali təhsil müəssisələrimiz peşə təhsilinə uduzur" - AÇIQLAMA

 16:34 06.02.2025     780

Gənclərin aldıqları təhsil ilə əmək bazarında tələb olunan bacarıqlar arasında ciddi uyğunsuzluq var. İş yerlərinə müraciət zamanı nəzəri biliklərdən çox praktiki biliklər tələb olunur. Nəzərə alsaq ki, universiteti yeni bitirən hər şəxsin iş təcrübəsi olmur, təhsil sahəsində hansı yeniliklər olmalıdır ki, məzunlar işə qəbul olunarkən hazırlıqlı olsunlar?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirdi ki, bu məsələ ilə bağlı bir sıra konfrans və seminarlar keçirilməlidir:

"Ali təhsil sektorunda ən ciddi məsələlərdən biri budur. Müəyyən ali təhsil müəssisələrinin kadr yetişdirmə mexanizmi əmək bazarının çağdaş tələbləri ilə ayaqlaşmır. Burada əsas iki hal müşahidə olunur. Ya ixtisas yeni yaranıb, əmək bazarında bu ixtisasa tələb var, lakin ixtisasın tədris forması çağdaş dövrə uyğun deyil. Və ya ixtisas hazırkı dövrün tələblərinə uyğun deyil. Bu iki variantın hər ikisi yanlışdır. Gələcək illərdə ali təhsil sektorundan əsas gözləntimiz təhsilin əmək bazarının tələbləri istiqamətində tənzimlənməsidir".

Ekspertin sözlərinə görə, ali təhsil müəssisələrimizin bu sahədə inkişafı üçün mütləq xüsusi fəaliyyət proqramı hazırlanmalıdır.

"Üzərində çalışdığım tədqiqatda şəxsən mənə məlum oldu ki, bizim bu gün fəaliyyət göstərən peşə təhsil müəssisələrimizdə bir çox peşə sahələri əmək bazarı ilə uyğunlaşır. Universitetlərimiz əmək bazarına uyğunlaşma baxımından peşə təhsil müəssisələrinə uduzur. Hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi fəaliyyət göstərir. Ümid edirəm ki, ali təhsil müəssisələri ilə əmək bazarının uyğunlaşdırılması istiqamətində tədbirlər və konfranslar keçiriləcək. 2025-ci il 24 yanvar tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili və onun əmək bazarındakı yeri istiqamətində konfrans keçirib. Çox yaxşı olardı ki, bu mövzu ilə bağlı ali təhsil müəssisələrində seminar və konfranslar keçirilsin”, - deyə E.Nuri əlavə etdi.

Aytəkin TOFİQQIZI