Təhsil müəssisələrində iş qrafiklərinin dəyişdirilməsi bəzi çətinliklər yarada bilər - AÇIQLAMA

 17:17 06.02.2025     334

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" qəbul edilib. Bu sənəddə paytaxtda yeni yolların salınması, körpülərin tikilməsi, dövlət qurumlarında, təhsil və tibb müəssisələrində iş qrafiklərinin dəyişdirilməsi öz əksini tapır.

Bəs ali təhsil müəssisələrində iş saatları hansı şəkildə dəyişdirilə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti, Azərbaycan Dillər Universitetinin dosenti Vüsalə Ağabəyli bildirdi ki, ciddi şəkildə təhlillər aparılmalı, iş saatlarının qrafiki düzgün qurulmalıdır:

"Şəhərdə yaranan tıxacları qismən tənzimləmək üçün bu qərar çox əhəmiyyətlidir. Bu qərarın icrası üçün fəaliyyət planı işlənilməli, ərazilər üzrə müqayisəli təhlillər aparılmalıdır. Burada iki növbəli işləyən məktəblər və universitetlərin giriş-çıxış saatları nəzərə alınacaq ilkin nüanslardan olsa da, başqa mühüm məqamlar da diqqətdən kənar qalmamalıdır".

Təhsil eksperti qeyd etdi ki, ali təhsil müəssisələrində çalışan əməkdaşların böyük əksəriyyəti övladları orta məktəbdə oxuyan valideyndir. Onun sözlərinə görə, məktəblərdə dərslərin başlama və bitmə vaxtı universitetlərlə tam fərqlilik təşkil etsə, başqa problemlər də ortaya çıxa bilər. 

"İşə erkən saatda başlamalı olan valideynin övladı növbəti saatda məktəbə gedəcəksə, "uşağı dərsə kim aparacaq?" kimi problemlər ortaya çıxacaq. Bu, həm giriş, həm də çıxış saatlarına aiddir. Bundan əlavə, bəzən müəllimlər iki və ya üç universitetdə əvəzçilik yolu ilə dərs deyir, o zaman bu prosesi də tənzimləmək çətinlik yarada bilər", - deyə Vüsalə Ağabəyli bildirdi.

Aytəkin TOFİQQIZI