"Bütün ölkələrdə hibridləşmə prosesi tamamlanıb, bizdə hələ heç başlanılmayıb" - AÇIQLAMA

 17:50 06.02.2025     355

Bakı şəhərində tıxac problemi gündən-günə daha da kəskinləşir və bunun səbəblərindən biri də təhsil sektorunun fəaliyyəti ilə bağlıdır. Universitetlər və məktəblərə gedənlər günün müəyyən saatlarında yol hərəkətinə ciddi təsir göstərir, bu da nəqliyyat sıxlığının artmasına səbəb olur. Məhz tıxacların azalması üçün Prezident İlham Əliyev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı Sərəncam imzalayıb. Sərəncama daxil olan məsələlərdən biri də dəyişkən iş qrafikidir.

Bəs məktəblərdə dərs saatları necə olmalıdır?

Mövzu ilə əlaqədər Redaktor.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, təhsil müəssisələrində növbəlilik sisteminin genişləndirilməsi sıxlıq probleminin həllinə mühüm töhfə verə bilər.

"Ümumiyyətlə, əslində, təhsil sektoru kimi universitetlər, məktəblər, xüsusən də tıxacların bir hissəsinin yaranmasının payı onların üzərinə düşür. Məsələn, tək növbəli olan təhsil müəssisələri iki növbəli, iki növbəli olanlar üç növbəliyə keçə bilər. Müəyyən işlər var ki, erkən saatlarda başlaya bilər. Yəni müəyyən növbətçilik yaradıla bilər. Təbii ki, bu, təhsil sektorunu da əhatə edəcək. Çünki iş məsələlərinin bir qismi təhsilalanlara, təhsilverənlərə aiddir ki, tıxaclar bu səbəbdən yarana bilir".

Keyfiyyətli təhsil olmadan elm inkişaf edə bilməz-Rizvan Fikrətoğlu |  Informator informasiya portalı

Ekspertin fikrincə, Azərbaycanda hibrid təhsil modelinə keçid artıq gecikir və bu sahədə təcili addımlar atılmalıdır.

"Təhsilin onlayn olması və yaxud da hibridləşməsi məsələləri əvvəllər də gündəmdə olub, bu gün də gündəmdədir. Hibridləşmə üsulu təkcə tıxaclara görə yox, digər məsələlərə də töhfəsini verə bilər. Əslində, biz hibridləşmə istiqamətində çox gecikirik. Yəni dünyanın demək olar ki, bütün ölkələrində bu proses tamamlanıb. Bizdə hələ heç başlanılmayıb. Qanunvericiliyimizdə onlayn təhsil göstərilsə də, həmin qanunu həyata keçirmək üçün mexanizmlər qəbul olunmayıb, əlavə işlək metodlar yoxdur", - deyə Rizvan Fikrətoğlu qeyd etdi.

Türkan İSGƏNDƏRLİ