"Kolleclərdə müəllimlik ixtisasının ləğvi düzgün qərardır" - Ekspert

 18:51 06.02.2025     1071

Elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, kolleclərdə "müəllimlik" ixtisası tədricən ləğv ediləcək. Nazirin sözlərinə görə bu addım müəllimlik peşəsində rəqabətliliyi artıracaq.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, bu qərar həm obyektivliyi qorumaq baxımından düzgün bir qərardır, həmçinin də pedaqoji ixtisasların, pedaqoji kadrların gələcəkdə daha təcrübəli, daha savadlı kadrlar kimi yetişməsinin formalaşdırılmasında atılan müsbət addımdır:

"Kollec diplomu ilə ümumtəhsil məktəblərində və yaxud məktəbəqədər təhsil müəssisələrində, yəni bağçalarda əmək fəaliyyətinə icazə verilirdi. Amma hal-hazırda artıq bunun dayandırılması o deməkdir ki, artıq ali təhsil tələb olunacaq. İstər ibtidai sinif müəllimliyi olsun, istər məktəbəqədər təhsil müəllimliyi olsun və yaxud kolleclərdə musiqi müəllimliyi, rəsm müəllimliyi, fiziki tərbiyə müəllimliyi mövcud idi. Bu ixtisasların dayandırılması onu göstərir ki, artıq pedaqoji ixtisaslara dövlət yüksək diqqət ayırır və aşağı balla qəbul olunanların pedaqoji ixtisaslarda əmək fəaliyyətinin göstərilməsini istəmir. Yəni istər ümumtəhsil məktəblərində, istər məktəbəqədər təhsil müəssisələrində, bağçalarda əmək fəaliyyətinə başlamaq istəyirsənsə, ali təhsil almalısan və ali təhsil aldıqdan sonra bu istiqamətdə gedib əmək fəaliyyəti ilə məşğul ola bilərsən. Yəni mən hesab edirəm ki, bu atılan addım düzgün addımdır. Mən bunu Azərbaycanın gələcəyi üçün hesablanmış bir addım kimi qiymətləndirirəm. Çünki kolleclərə qəbul 90 - 120 balla mümkün idi və sadəcə buraxılış imtahanı ilə həyata keçirilən imtahanın nəticəsi ilə formalaşmış qəbul planı aparılırdı. Amma aşağı bal ilə məktəbəqədər təhsil müəssisəsinə qəbul olub, gedib bağçalarda müəllim kimi işləyənlər də var idi. Amma universitetə hazırlaşmış, buraxılış, blok imtahanı verən bir abituriyent də universitetdə məktəbəqədər təhsil ixtisasına qəbul olurdu. Yəni müqayisə olunduğu təqdirdə kollec iki il, ali təhsil dörd illikdir. Yəni kolleci bitirən daha tez bitirib əmək fəaliyyətinə başlaya bilirdi, özü də aşağı balla. Burada da ciddi bir haqsızlıq var idi".

Təhsil eksperti hesab edir ki, 350 baldan aşağı pedaqoji ixtisaslara qəbul aparılmamalıdır.

“Çünki 700 ballıq bir qəbul balının 50 faizdən aşağı nəticəsini göstərən şəxs başqa sahələrə getsin, başqa sahələrdə fəaliyyət göstərsin. Niyə? Ona görə ki, bizim gələcək nəslin yetişməsində, istər təhsil yönündən, istər tərbiyə yönündən formalaşmasında məhz müəllimlərin xüsusi rolu var. Bu müəllimlər də potensial olaraq zəif olduqları təqdirdə hesab edirəm ki, müəyyən mənada gələcək nəslin yetişməsində problemlər ortaya çıxacaq. Ona görə də mən savadlı kadrların, potensiallı kadrların müəllimlik ixtisasına yiyələnməsinin tərəfdarıyam. Hətta əvvəlki illərdə də müəllimlik ixtisaslarının qiyabi təhsil forması dayandırıldı, ləğv olundu. Artıq müəllimlik ixtisaslarında qiyabi təhsil forması yoxdur. Eləcə də müəllimlik ixtisaslarında ikinci ali təhsil yoxdur. Bilirsiz, ikinci ali təhsil var, bütün ixtisaslar da var, amma müəllimlik ixtisasının ikinci ali təhsil yoxdur. Yəni əslində mən düşünürəm ki, cənab nazirin atdığı bu addım sırf müəllimlərin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan biridir. Misal üçün, sertifikasiya da bu addımlardan biri kimi qiymətləndirilə bilər. Eləcə də qiyabi ixtisasların dayandırılması, ikinci ali təhsildə pedaqoji ixtisasların dayandırılması. İki üç il əvvələ qədər bunlar hamısı var idi. İxtisasartırmalar vardı, ixtisas  dəyişmələr vardı. Bunların dayandırılması sırf müəllimlik ixtisasına təkanın verilməsi, gələcək nəslin yetişməsində təcrübəli, istedadlı, qabiliyyətli, savadlı müəllimlərin olması istiqamətində hesablanmış bir addım kimi qiymətləndirirəm. Ümumiyyətlə, kolleclərdə təhsil nə üçündür? Bəzi ixtisaslar, misal üçün, tibb bacısı ixtisası və yaxud da mamalıq ixtisasları və yaxud ona bənzər bəzi ixtisaslar istisna olmaqla əksər kollec ixtisasları hal-hazırda əmək bazarında müəyyən mövqe tuta bilmir. Yəni bu gün bizim ölkədə istər dövlət sektoru olsun, istər özəl sektor olsun, kollec bitirən, ali təhsili olmayan, orta ixtisas təhsili olan bir kadra əmək bazarında yer verilmir. Yəni bu nə deməkdir? Bu, artıq kollec təhsilinin arxa planda olduğunu göstərir", - deyə Ramin Nurəliyev bildirdi.

Aytəkin TOFİQQIZI