Məktəblərdə rus bölməsi ləğv olunmalıdır - SƏBƏB

 17:05 07.02.2025     311

Azərbaycanda rus bölməsində təhsil alan şagirdlərə Azərbaycan ədəbiyyatı fənni ana dilində tədris olunacaq. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib. Bu addım şagirdlərin Azərbaycan dilində oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək və milli ədəbiyyatı daha dərindən mənimsəmələrinə şərait yaratmaq məqsədi daşıyır.

Bu, rus dili bölməsində təhsil alan şagirdlərə necə təsir edəcək?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a bildirdi ki, şagirdlərin mənimsəməsində çətinlik yaranarsa, dərs saatında artırılma ola bilər.

"Rus, ingilis və digər bölmələrin hər birində Azərbaycan dilinin və yaxud Azərbaycan ədəbiyyatının tədrisi ana dilində olmalıdır. Əgər uşaqların mənimsəməsində, bu fənni götürmələri ilə bağlı hər hansı çətinlik varsa, dərs saatında ən azı bir saat artırma olmalıdır. Əlbəttə, dərs saatının artımı olduğu təqdirdə şagirdlər məhz Azərbaycan dili fənnini, o cümlədən Azərbaycan ədəbiyyatını, Azərbaycan tarixini öz doğma dillərində - ana dilində öyrənə bilərlər. Bizim həm dilimizi, həm ədəbiyyatımızı, həm də tariximizi ana dilində öyrənməyimiz vacibdir. Çünki bizim üçün həm təhsil siyasətində, həm də ölkə siyasətində prioritet ondan ibarətdir ki, bizim müqəddəs dilimiz və yaxud da tariximiz, o cümlədən ədəbiyyatımızı doğma dildə öyrənmək daha məqsədəuyğundur. Dərsi səmərəli öyrənmək, o cümlədən yaxşı mənimsəmək ana dilində daha rahatdır.

Əlaqə

Əlbəttə, aşağı siniflərdən, yəni məsələn, artıq ibtidai təhsil pilləsini bitirib beşinci sinfə qədəm qoyduqları zaman altı il ərzində məhz doğma dildə bu fənnlərdən tədris almaları onların gələcəkdə də imtahan vermələrinə müsbət təsir edəcək. Hər bir bölmə yekunda dövlət dili olaraq Azərbaycan dilindən imtahan verir və həmin imtahanda da uğurlu ola bilərlər. Yəni ən azı müsabiqə şərtini ödəyə bilərlər. Ədəbiyyatdan imtahan sualları Azərbaycan dilində olmaya da bilər. Əgər şagird onu Azərbaycan dilində mənimsəyibsə, rus dilinə düşsə belə, yenə cavablandıra bilər. Amma könül istər və təbii ki, hər birimiz istəyirik ki, burada ədəbiyyatdan düşəcək suallar və Azərbaycan tarixinə düşəcək suallar da Azərbaycan dilində olsun", - deyən həmsöhbətimiz Elm və Təhsil Nazirliyi tərəfindən verilən qərarın vacibliyini vurğuladı. 

Təhsil eksperti Elçin Murad isə hesab edir ki, ölkədə ana dilindən başqa digər dil bölmələri tamamilə ləğv olunmalıdır:

"Mən Azərbaycanda, xüsusilə Bakı şəhərində yerləşən rus bölməsi məktəblərinin olmağına qarşıyam. Çünki bizim ölkədə hər hansı başqa bir ölkənin məktəbinin olması, düşünürəm ki, yolverilməzdir, qəbuledilməzdir. Bu, birinci səbəb. İkinci səbəb rus bölməsindən məzun olan, gələcəkdə abituriyent statusu qazanan şagirdlərin imtahan verəndən sonra ixtisas seçimində fərqli bir mənzərə ilə qarşılaşması digər problemlərdən biridir. Belə ki, rus bölməsini bitirən abituriyentlər ixtisas seçimində yeni, çox az sayda ixtisasla qarşı-qarşıya qalırlar və məcburiyyətdən seçirlər. Bu da istər istəməz, həm abituriyentin özünün ruhdan düşməsinə, həm də valideynin müəyyən narazılığına səbəb olur. Mən bir ekspert kimi, dəfələrlə bunun şahidi olmuşam. Valideyn "axı niyə bizə çox yer vermirlər" sualını verir, mən də hər dəfəsində onlara bunu izah edirəm ki, bizim ölkəmiz Azərbaycandır. Burada Azərbaycan dilində fənnlərin tədris olunmağı, ixtisasların seçilməsi çox da qəribə qarşılanası bir şey deyil".

Müəllimlər başqa vəzifə ilə məşğul olduqda o işin keyfiyyəti aşağı düşəcək- Elçin Murad | Informator informasiya portalı

Ekspert qeyd etdi ki, rus bölməsindən məzun olan şagirdlərin gələcəkdə dil bilgisi, Azərbaycan dilində danışmaq bacarığı, qabiliyyəti çox primitiv səviyyədə olur.

"Hər hansı bir dərin bir cümlə, bir məcazilik təşkil eləyən cümlə ilə rastlaşanda, o məcaziliyin mənasını başa düşə bilmir. Ədəbiyyat, Azərbaycan dilinin rus bölməsi məktəblərində ana dildə keçirilməsi normal və müsbət haldır. Çünki şagird öz dilində səlis danışmağı bacarmalıdır. Bu gələcəyin fərdi, Azərbaycan vətəndaşı, sabah hansısa bir konfransda, beynəlxalq tədbirlərdə öz dilini təmsil eləyə bilməyəcəksə, bu, qəbul ediləsi bir vəziyyət deyil. Yəni bizim ölkəmiz Azərbaycandır, bizim dilimiz Azərbaycan dilidir. Himnimiz Azərbaycan dilində yazılıb. Fənlərin tədrisi Azərbaycan dilində olmalıdır. Məktəblərdə rus bölməsini mərhələ-mərhələ sıxışdırıb aradan çıxartmaq lazımdır. Qeyd edim ki, hansısa bir dilin öyrənilməsinin əleyhinə deyilik. Onlar istədiyi dili öyrənə bilər. Amma öz dilini bilməyib, öz dilində, sabah iki cümləni yan-yana qoyub danışa bilməyən bir nəslin yetişməyi qəbuledilməz və yolverilməzdir", - deyə Elçin Murad vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

2