Bu peşə məktəblərinin təlim-tədris materialları beynəlxalq standartlara UYĞUNLAŞDIRILACAQ
Masallı, Sabirabad və Şəki Peşə Hazırlığı Mərkəzlərinin maddi texniki-bazası və təlim-tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılacaq.
Redaktor.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi bununla bağlı məsləhət xidmətləri alacaq.
Belə ki, 24 peşə üzrə hazırlanmış təlim-tədris proqramları üzrə səriştələrin əldə edilməsini təmin edən tədris materiallarının (zəruri vizual məzmunun əlavə edilməsi ilə) hazırlanması və elektron daşıyıcıda sifarişçiyə təqdim olunması işləri görüləcək.
Layihəyə əsasən, Masallı Peşə Hazırlığı mərkəzi üzrə 12 peşə ilə bağlı təlim-tədrisin təşkili üçün 8 emalatxana, laboratoriya və ya ixtisaslaşmış tədris otaqlarının texniki pasportları tərtib ediləcək.
Bundan başqa, Şəki Peşə Hazırlığı mərkəzi üzrə 7 peşə ilə bağlı təlim-tədrisin təşkili üçün 6 emalatxana, laboratoriya və ya ixtisaslaşmış tədris otaqlarının texniki pasportları hazırlanacaq.
Həmçinin Sabirabad Peşə Hazırlığı mərkəzi üzrə isə 8 peşə ilə bağlı təlim-tədrisin təşkili üçün 5 emalatxana, laboratoriya və ya ixtisaslaşmış tədris otaqlarının texniki pasportları tərtib olunacaq.
Dövlət Məşğulluq Agentliyi sözügedən işlərin icrasına 1,2 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.