Sertifikasiya prosesi müəllimlər üçün çətin sınağa çevriləcək, daha 1300 nəfər işsiz qala bilər - AÇIQLAMA
![](https://img.redaktor.az/news/2025/02/photo_270051.webp?v=MjI6MjMyMDI1LTAyLTExIDE3OjUxOjE4)
Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, gələcəkdə müəllimlərin sayı azalacaq. Nəticədə onların dərs saatı artacaq ki, bu da maaşların yüksəlməsinə səbəb olacaq.
Bəs müəllim sayının azalması necə baş verəcək?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi ki, bu azalmanın əsas səbəbi müəllimlərin sertifikasiya prosesindən keçə bilməməsidir:
"Elm və təhsil nazirinin səsləndirdiyi fikir əsasən ona dəlalət edir ki, müəllimlərin sayının azalma məsələsi məhz sertifikasiya prosesi zamanı baş verir. O cümlədən məktəblərin və siniflərin komplektləşdirilməsi kimi amillər də təsir edir. Nəticə etibarilə müsabiqədə uğur qazanmayan namizədlər və o cümlədən siniflərin birləşməsi məsələsi, yəni say baxımından az olan sinif, məktəblərin birləşdirilməsi, bu prosesə təsir edir. Bunun müqabilində də sertifikasiya prosesində daha uğurlu olan namizədlər müvafiq olaraq 51 bal və üzəri nəticə əldə edənlər 35 faiz, 31-dən 51 bala qədər olan namizədlərin əmək haqqında 10 faiz artım qeydə alınır".
Ekspert hesab edir ki, gələcəkdə ali və orta ixtisas təhsil müəssisələrində müəllim hazırlığı ehtiyac duyulan say qədər müəyyən ediləcək.
"Kollec ilə yanaşı ali təhsil müəssisələrində də pedaqoji istiqamətdə kadr hazırlığı həyata keçirilir və burada da düşünülən ondan ibarətdir ki, mövcud plan yerləri konkret ehtiyac duyulacaq həddə müəyyənləşsin. Tutaq ki, 5000 vakant yer varsa, 10-15 min pedaqoji kadr hazırlığını həyata keçirmək o qədər də düzgün deyil. Ona görə də düşünürəm ki, burada da məhz pedaqoji kadrların hazırlığı məsələsi də nəzərə alınacaq. Müəllimlər üçün sertifikasiya imtahanları keçirilir. Burada məlum olur ki, kimlər müsabiqədən keçir, kimlər keçmir. Məsələn, ötən dövr ərzində 1300-dən çox müəllim müvafiq olaraq prosesdən kənarda qalıb. İndi bu il və növbəti illərdə keçiriləcək sertifikasiyada da təxminən bir o qədər müəllimin müsabiqədən keçməmək ehtimalı var. Bu da təxminən 2500-3000 arası ümumi pedaqoji heyətin müsabiqədən kənarda qalması deməkdir və nəticə etibarilə onların yerləri bəzi istiqamətlərdə vakant yer kimi çıxarılacaq. Bəziləri isə ümumiyyətlə, orada işə qəbul həyata keçirilməyəcək", - deyə E.Əfəndi bildirdi.
Türkan İSGƏNDƏRLİ