Azərbaycanda rus dilində təhsil almaq ödənişli ola bilər - AÇIQLAMA
![](https://img.redaktor.az/news/2025/02/photo_270177.webp?v=MTg6MDIyMDI1LTAyLTEyIDE1OjIyOjM0)
Məlum olduğu kimi, ölkəmizdə ali və orta məktəblərdə rus bölmələri fəaliyyət göstərir. Eyni zamanda tədris tamamilə rus dilində aparılan orta məktəblər var. Lakin son dövrlər Azərbaycan-Rusiya münasibətlərindəki soyuqluq və "Rus evi"nin də bağlanması ilə rus dilinin tədrisinin gələcək perspektivləri, Azərbaycan dilinin mövqeyinin gücləndirilməsi və təhsil sistemində milli dəyərlərin qorunması ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Yaxın gələcəkdə Azərbaycanda rus dilində tədrisə son qoyula bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov bildirdi ki, Azərbaycanda rus bölməsinin mövcudluğu Rusiya ilə münasibətlərdən asılı deyil və bu, Azərbaycan qanunvericiliyinə əsaslanır:
"Azərbaycan Respublikasında təhsil və məktəbəqədər təhsil müəssisələrində, o cümlədən ali təhsildə rus bölməsinin olması Azərbaycan-Rusiya münasibətləri ilə bağlı deyil. Bu, qanunvericiliyə əsaslanır və bizim Rusiya dövləti ilə münasibətlərimizin nə yerdə olmasından asılı olmayaraq, burada rus bölməsində təhsil alan Azərbaycan Respublikasının vətəndaşlarıdır və onlar da qanunvericiliyə uyğun olaraq təhsil alırlar. Mən düşünmürəm ki, Rusiya ilə münasibətlərimizin yaxşı və pis olmasından asılıdır. Bu dövlətlərarası münasibətlər zaman zaman gərginləşə bilir, daha sonra normal vəziyyətə qayıda bilir, əvvəlkindən daha yaxşı vəziyyətə keçə bilir".
Ekspertin fkrincə, qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları dövlət dili olaraq Azərbaycan dilində təhsil almalıdırlar.
"O cümlədən dövlət məktəblərində digər dillərdə təhsil alması isə könüllü və ödənişli əsaslarla olmalıdır. Hazırda biz bunu təşkil edə bilmirik. Ölkədə olan 4252 məktəbdən təqribən 320-də rus bölməsi var. Düşünürəm ki, zamanla artıq bütün ümumtəhsil məktəblərimizdə tədris dövlət hesabına Azərbaycan dilində olacaq. Ümumtəhsil məktəblərimizdə elə şərait yaranacaq ki, ingilis, rus, digər dillərdə təhsil almaq istəyənlər ödənişli əsaslarla həyata keçirə biləcək", - deyə E.Qafarov bildirdi.
Türkan İSGƏNDƏRLİ