Kurikulumun Azərbaycan versiyası yaradılsın - TƏKLİF
![](https://img.redaktor.az/news/2025/02/photo_270188.webp?v=MTk6MTkyMDI1LTAyLTEyIDE2OjA4OjU5)
Kurikulum tədris prosesinin əsas məqsədlərini və gözlənilən nəticələri müəyyənləşdirir. Kurikulum şagirdlərin yalnız nəzəri bilik əldə etməsini deyil, həm də onların düşünmə, analiz etmə bacarıqlarını inkişaf etdirməyə yönəlir.
Bəs ölkəmizdə kurikulum gözlənilən nəticəni verirmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, biz 2008-2009-cu illərdən etibarən kurikulum tədris proqramını tətbiq etməyə başlamışıq və artıq kifayət qədər dövr keçib:
“Yəni təxminən 16-17 il keçir ki, biz bu proqram əsasında dərsləri idarə edirik və təbii ki, bunu ləğv etmək, yeni bir proqramı gətirmək təhsilə bir növ balta vurmaq deməkdir. Biz çalışmalıyıq ki, mövcud proqramı daha səmərəli şəkildə öyrənək. Kurikulumun, əlbəttə ki, hələ nəticələri barədə nəsə danışmaq düzgün deyil. Çünki mən həmişə bunu qeyd edirəm ki, kurikulumun yetirmələri hələ 2019-cu ildə ali məktəbə qəbul olublar. Onların içərisində pedaqoji ixtisaslara qəbul olan tələbələr dörd il sonra, yəni 2023-cü ildə bitiriblər və 2023-cü ildə əmək fəaliyyətinə başladıqları halda biz həm onların, həm də kurikulumun bizə nə verdiyini öyrənəcəyik. Təxminən 2027-ci ildə monitorinq aparılacaq, hansı ki, imtahanlar keçiriləcək. Dördüncü siniflər üçün həmin imtahanlarda biz artıq görəcəyik ki, kurikulumun yetirmələri bizə, ən azı ibtidai təhsil pilləsində təhsil alanlara nə verdi. Amma ümumi nəticəni isə təxminən gözləntimiz odur ki, hardasa 2035-2036-cı illərdə biləcəyik. Siz təsəvvür edin ki, 2008-2009-cu ildə tətbiq olunan bir proqram nə qədər müddət keçməlidir ki, onun effekti görünsün".
Həmsöhbətimiz hesab edir ki, kurikulumun Azərbaycan versiyasını yaratmaq lazımdır.
“Azərbaycan versiyası dedikdə müxtəlif ölkələrin təcrübələrini öyrənməklə, modelləri öyrənməklə, məsələn, Finlandiya modelini, Sinqapur modelini gətirib tətbiq etməklə və yaxud öz kurikulumumuzu yaratmaqla düşünürəm ki, daha uğurlu ola bilərik. Nəticələrə gəldikdə isə, indi kurikulumu dediyim kimi ləğv etsək, nəticə olmayacaq. Amma ümumi müəyyən qədər səmərəliliyi artırmaq üçün şagirdlərin, o cümlədən müəllimlərin proqramı daha yaxşı mənimsəmələri üçün müəyyən tədbirlər görülə bilər. Düşünürəm ki, bunların müsbət nəticələri olar", - deyə E.Əfəndi qeyd etdi.
Aytəkin TOFİQQIZI