Azad olunmuş ərazilərdə təhsil almağın öz qüruru var, şagirdlər oranı seçəcəklər - AÇIQLAMA

 18:09 13.02.2025     184

İşğaldan azad edilmiş ərazilərdə təhsil alan şəxslərin təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənəcək. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişiklik layihəsində öz əksini tapıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirdi ki, 2023-cü ilin yanvarın 1-də işğaldan azad olunmuş ərazilərlə bağlı qanunvericilikdə müəyyən güzəştlər, təminatlar qüvvəyə minib:

"O cümlədən əmək qanunvericiliyində də işğaldan azad olunmuş ərazilər üçün bir sıra güzəştlər, təminatlar nəzərdə tutulub və işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələri üçün də güzəştlə var. Hələ ki, tək fəaliyyət göstərən Qarabağ Universitetidir. Bizdə məktəbəqədər və ümumtəhsil dövlət hesabına həyata keçirilir və burada açılacaq, Qarabağ Universitetində olan və yaxud da peşə orada açılacaq peşə təhsili müəssisələrində, ali təhsil müəssisələrində ödənişli təhsil alacaq şəxslərin ödənişinin dövlət tərəfindən qarşılanması təbii ki, yüksək qiymətləndirilir".

Ekspert qeyd etdi ki, bu, eyni zamanda həmin ərazilərdə təhsil almaq üçün bir motivasiyadır:

"Bildiyimiz kimi, Qarabağ Universiteti keçən il 2024-cü ildə açılıb. 1200 nəfər tələbə ilə fəaliyyətə başladı və bu il daha 2500 tələbənin qəbul ediləcəyi gözlənilir ki, bu da ümumilikdə yaxın 5 il ərzində Qarabağ Universitetində təhsil alanların demək 20 minə qədər qaldırılması deməkdir. Bu səbəbdən Qarabağ Universitetinin infrastrukturu genişləndirilir. İstər peşə təhsili, istərsə də ali təhsil müəssisələrində ödənişli təhsil alacaq şəxslərin ödənişlərinin dövlət tərəfindən qarşılanması birmənalı şəkildə alqışlanmalıdır və bu, həmin ərazilərdə təhsil alanların sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş addımdır. İnanırıq ki, peşə təhsil müəssisələri açılarsa, şagirdlər onu seçəcəklər. İşğaldan azad olunmuş ərazilərdə təhsil almağın öz qüruru var. İkinci bir tərəfdən də dövlət onların sosial müdafiəsini hərtərəfli təmin edir. Bunu alqışlayırıq və inanırıq ki, gənclərimiz bu yaradılmış təminatlardan yararlanacaqlar".

Aytəkin TOFİQQIZI