"Kimsə nazirin dostudursa, ona təhsildə yüksək vəzifəmi verilməlidir?" - Təhsil eksperti "OD PÜSKÜRDÜ"

 10:15 14.02.2025     1244

"Tanınmış təhsil ekspertlərinin dediyinə görə Elm və təhsil naziri Emin Əmrullayev təhsillə heç bir əlaqəsi olmayan adamlara yüksək vəzifələr verir. Məsələn, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə vaxtilə şəkər zavodunda işləyəni, Ümumtəhsil siyasəti şöbəsinə isə Dəniz vağzalında inzibati işdə çalışmış bir nəfəri təyin edib".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev özünün feysbuk səhifəsində yazıb. O, bunu düzgün hesab etmədiyini bildirib:

"Sual yaranır. Məqsəd nədir? Fərz edək ki, kimsə nazirin dostu, yaxud sinif yoldaşıdır. Bu amilə söykənib ona (onlara) ölkənin strateji sahəsi olan təhsildə yüksək vəzifəmi  verilməlidir? 

Bu adamlar Gəncədə Aqrar universiteti bitirmiş Anar Qədiməliyev adlı birisini də Gəncə-Daşkəsən Regional təhsil idarəsinə müdir göndərmişdilər. Adam həmin regionda məktəb və baxça sistemini sözün əsl mənasında məhv elədi. Bir neçə tanınmış pedaqoq insult və infarkt keçirdi. Prokurorluğa və məhkəməyə daxil olan şikayətlərin sayı - hesabı olmadı. Belə də olmalı idi. Məktəb və uşaq bağçası elə təsisatlardır ki, yad cisim qəbul etmir. Bu xidmətlərinə görə E.Əmrullayev onun vəzifəsini böyütdü. Bakı şəhəri üzrə Təhsil idarəsinə müdir müavini vəzifəsini ona verdi. Deyilənlərə görə yüksək dağıdıcılıq qabiliyyəti nəzərə alınıb yaxın günlərdə onu idarəyə müdir qoymaq istəyir. Yenə də sual verirəm. Məqsəd nədir? Orta təhsili poliqona çevirməkdə məqsədiniz nədir? Orta məktəb tam şəkildə repetitorların ixtiyarına verilib. Nizam-intizam pozulub. Məktəblərdə bıçaqlanma hadisələrinin sayı-hesabı yoxdur.  Əgər uşaq məktəbə gəlmirsə, hansı tərbiyədən danışmaq olar. 
Təhsilə heç bir aidiyyatı olmayan adamların bu sahədə yüksək vəzifələrə təyin olunmalarında məqsəd bəllidir. Ancaq bunun da bir limiti olacaqmı?".

Vasif