"Şagirdə sadəcə dərs keçib, tərbiyəyə önəm verməmək düzgün deyil" - AÇIQLAMA
![](https://img.redaktor.az/news/2025/02/photo_270422.webp?v=MTA6MzkyMDI1LTAyLTE1IDAwOjEzOjA4)
Son zamanlarda orta məktəblərdə şagirdlərin bir-birinə xəsarət yetirməsi halları artıb.
Bu halda günahkar məktəbdir, yoxsa valideyn? Məktəbdə belə halların qarşısı necə alına bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti İlqar Orucov bildirdi ki, doğrudan da məktəblərimizdə şagirdlərin bir-birlərinə xəsarət yetirməsi hallarının artmasını müşahidə edilir. Onun sözlərinə görə, bu hal həqiqətən də narahatedici məqəmdır:
"Məktəbdə davranış qaydaları gücləndirilməlidir. Eyni zamanda, bu hadisə məktəb daxilində baş veribsə, təbii ki, məktəbin məsuliyyət məsələsi gündəmə gələ bilər. Amma bu hadisəni törədən şagirddirsə, o, məktəbdən kənarda da bu hadisəni törədə bilər. Düşünürəm ki, bu hadisəni məktəblə bağlamaq düzgün deyil. Bu, bütöv cəmiyyətdə və ailələrdə tərbiyə məsələsini gündəmə gətirir. Tərbiyə məsələsinə çox ciddi yanaşmalıyıq".
Ekspert hesab edir ki, biz ümumilikdə cəmiyyətdə tərbiyə məsələsini ikinci plana salmamalıyıq:
"Eyni zamanda, tərbiyəyə önəm verilməsi həm də məktəblərin üzərinə düşən vəzifələrdən biridir. Çünki məktəb təlim və tərbiyə müəssisəsidir. Şagirdə sadəcə dərs keçib, tərbiyəyə önəm verməmək düzgün deyil. Təkcə məktəb yox, eyni zamanda aidiyyəti qurumlar problemli ailələrlə işləməlidirlər. Cəmiyyətin özündə humanizm və milli, bəşəri dəyərlərin təbliğ olunması istiqamətində ciddi işlər görülməlidir. Son illərdə bizim cəmiyyətdə aqressiya müşahidə olunur. Bir çox hallarda ailələr dağılır. Zədələnmiş ailələrdə tərbiyə mühitinin zəifləməsi ona gətirib çıxarır ki, uşaq cəmiyyətdə mənfi davranışlar nümayiş etdirsin. Valideynlər məktəbin subyektlərindən biridir. Valideynlərlə işin gücləndirilməsi çox vacibdir. Məktəbin bu istiqamətdə səlahiyyətləri artırılmalıdır. Mətbuatın gücü də bu mövzuda səfərbər olmalıdır".
Həmsöhbətimiz bildirdi ki, son illərdə cəmiyyətimizdə çox zərərli tendensiya yaranıb:
"Müəllimin uşağa zorakılığının təfədarı deyiləm, o çərçivələr düzgün müəyyənləşdirilməlidir. Yeri gəldikdə, uşağı tənbeh etmək lazımdır və valideyn bu məsələdə müəllimlə bir olmalıdır. Valideyn məktəb və müəllimin yanında olmalıdır. Lakin biz bəzən əksini görürük. Görürük ki, bir direktor, müəllim şagirdi tənbeh edir, valideyn isə gəlib deyir ki, mənim övladımı tənbeh edə bilməzsiniz. Bu, zərərlidir. Mən məktəbdə oxuduğum zaman düşünürdüm ki, evdə valideynim atam, anam, məktəbdə isə müəllimdir. Şagird artıq müəllimi görəndə öz davranışlarını tənzimləyirdi. Cəmiyyətdə müəllimin nüfuzu yüksək idi. Mən hesab edirəm ki, bunlar ailələrdən qaynaqlanan problemlərdir. Cəmiyyətdə olan aqressiyadır".
İ.Orucovun sözlərinə görə, bunlar həm də maariflənmə sahəsində olan problemlərdir.
"Xatırlayıram ki, təhsil aldığım vaxtlarda ucqar kəndlərdə belə kitabxanalar olurdu. İnsanlar kitab götürüb, mütaliə edirdilər. İnsan gələcəkdə düşə biləcəyi çətin situasiyalarla bağlı kitablardan məlumat alırdılar. Baxmayaraq ki, mən fəlsəfə doktoruyam, ictimai və təhsil adamıyam, mən övladımı böyüdərkən, elə çətin vəziyyətlərlə qarşılaşırdım ki, ədəbiyyatlara müraciət edirdim. Həmin yaşda uşaqla necə rəftar etmək lazımdır, bunları araşdırırdım. Baxmayaraq ki, ixtisasım pedaqojidir, elə anlar olurdu ki, çıxış yolu tapa bilmirdim. Mütaliə edirdim və yaranan spesifik situasiyadan çıxmağın yolları haqqında özümü maarifləndirirdim. Problemin üzərinə həm də savadlı şəkildə getmək lazımdır. Tərbiyə prosesində hansısa boşluq, hansısa yanlışlıq gələcəkdə uşağın həyatında çox ciddi travma yarada bilər. Uşağın şəxsiyyət kimi formalaşmasında yanlışlıqlar öz təsirini göstərə bilər. Ona görə mən hesab edirəm ki, məktəblərdə tək təhsilə yox, tərbiyəyə də önəm verilməlidir. Bu, paralel olmalıdır. Çünki məktəbin vəzifəsi ilk növbədə şəxsiyyət yetişdirməkdir", - deyə ekspert vurğuladı.
Aytəkin TOFİQQIZI