"Məktəbdə baş verən bu vicdansız münasibət, nəzarətsizlik təhsilin mahiyyətinə vurulan zərbədir"

 12:57 16.02.2025     303

"Dövlətin milyonlarla vəsait ayıraraq tikdiyi və təchiz etdiyi məktəblərin bir neçə ilə darmadağın vəziyyətə düşməsi ciddi problemə çevrilib. Məktəb avadanlıqlarının – qapıların, kranların, masaların, kompüterlərin, xəritələrin, qlobusların və digər ləvazimatların baxımsızlıq və biganə münasibət səbəbindən sıradan çıxarılması həm vəsaitin israfına, həm də təhsilin keyfiyyətinin azalmasına səbəb olur".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. 

"Bu, təkcə məktəb rəhbərliyinin və ya müəllimlərin problemi deyil. Bu, bütövlükdə təhsil ictimaiyyətinin – şagirdlərin, valideynlərin və müəllimlərin məsuliyyət çatışmazlığıdır. Məktəbdə baş verən bu dağıdıcılıq, vicdansız münasibət və nəzarətsizlik təhsilin mahiyyətinə vurulan zərbədir.

İronik olan odur ki, bu cür laqeydlik göstərənlər, məktəbin əşyalarına hörmət etməyənlər, sosial mediada aşağı maaşlardan, müəllimə olan münasibətdən şikayət edirlər. Halbuki təhsilə, məktəb mühitinə hörmət öz ətrafındakı mühiti qorumaqdan başlayır.

Məktəbi dövlətin deyil, gələcək nəsillərin evi kimi görmək lazımdır. Təhsil müəssisələrinin qorunması yalnız nəzarətlə deyil, mentalitet və məsuliyyət anlayışının dəyişməsi ilə mümkündür. Məktəbdəkilər ilk növbədə öz əllərində olanı qorumağı bacarmalıdırlar, çünki hörmət yalnız tələb etməklə yox, əvvəlcə verməklə qazanılır!".

Uğur