"Qızları qadınların, oğlanları kişilərin yoxlaması o qədər də problem yaratmır" - AÇIQLAMA

 17:15 17.02.2025     330

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardan öncə abituriyentlərin ümumi üstlərinin yoxlanması prosesi keçirilir. Lakin bəzi təhsil ekspertləri və psixoloqlar hesab edirlər ki, şagirdlərin imtahandan öncə əllə yoxlanılması etik sayılmır və bu cür yoxlamalar onlara psixoloji cəhətdən də mənfi təsir edir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi ki, oğlanların yoxlanması zamanı kişilər, qızların yoxlanması zamanı isə qadınlar prosesdə iştirak edirlər. Onun sözlərinə görə, ayaqqabı soyunulması tələb olunur, vətəndaş özü ayaqqabısını soyunur:

"İçəri keçərkən cihazla yoxlanılırlar. Üzərlərində nəsə varsa, həmin cihazlar metal və ya başqa alət olduğunu aşkarladıqda bildirir. Amma kağız daşıyıcıları həmin cihazlarla müəyyən edilə bilmirlər. Bunun üçün müvafiq cihazlar alınmalıdır və ya hal-hazırda aparılan proses təkminləşdirilməlidir. Bəzi hallarda rast gəlirik ki, imtahan verən abituriyent bədəninin müxtəlif nahiyələrində nəsə qeyd edib. Başqa bir halda hansısa kağıza nəsə qeyd edib, onu özü ilə aparmağa çalışır. Düşünürəm ki, bunun yoxlanılması mütləq şəkildə həyata keçirilməlidir. Yoxlama zamanı toxunmaq mövzusunu heç kəs yanlış anlamamalıdır. Yoxlama əks tərəflər vasitəsilə keçirilsə idi, müdaxilə etmək olardı".

Ekspert qeyd etdi ki, oğlanları qadınlar, qızları kişilər yoxlasa idi, problem yaranardı:

"Amma qızları qadınların, oğlanları kişilərin yoxlaması o qədər də problem yaratmır. Bədənin müxtəlif hissələrinə baxış həyata keçirilir. Ayaqqabı içərisi, qolların qaldırılıb yoxlanılması baş verir, çünki bu hissələrə kağız atmaq daha rahatdır. Geyimlər tam soyundurulub yoxlanılmadığı üçün düşünürəm ki, məsələni qabartmaq doğru deyil", - deyə ekspert bildirdi.

Aytəkin TOFİQQIZI