"Magistratura imtahanının formatı dəyişdirilməlidir"

"Mən ümumiyyətlə magistratura imtahanının formatına narazılıq edirəm. Əslində magistratura imtahanı 100 sualdan ibarət bir imtahandır. Bunun 50 sualı riyazi məntiqdir, 25 sualı informatika, 25-i isə ingilis dilidir. Bunun da 20-si qapalı, 5-i isə açıqdır. Məsələn, mən tarix, coğrafiyanı bitirmişəm. Amma bu fənlərə aid sualla qarşılaşmıram. Öz təhsilimi yüksəldirəm, amma ixtisasımla bağlı imtahan vermirəm. Gülünc vəziyyətdir. Ona görə düşünürəm ki, magistratura forması ümumilikdə dəyişilməlidir. Riyaziyyatı bitirənlə, humanitar fənlərin ixtisasını bitirənlərin balı eyni olmayacaq. Təbii olaraq, riyaziyyat üzrə təhsil alanlar daha çox bal yığacaq. Burada artıq obyektivlik pozulmuş olur. İkinci bir məsələ də, istər-istəməz haqsızlıq formalaşmış olur".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev magistr imtahanlarını şərh edərkən dedi. Onun sözlərinə görə, ikinci cəhd imtahanında birinci cəhdə nisbətən asan suallar tərtib oluna bilər:
"Tələbələr magistratura imtahanının əvvəlki illərdə düşən suallarla müqayisədə çətin olduğunu ifadə ediblər. Çünki bir imtahana girən bakalavrlar əvvəlki illərin sınaqlarını işləyirlər. Biz bunu müəllimlərlə müzakirə etdiyimiz zaman gördük ki, sualların çətin olmağındansa, daha çox vaxt aparması ön plandadır. Əlbəttə ki, vaxtın daha çox aparılması istər-istəməz imtahanın ümumi nəticəsinə təsir göstərir. Ümumiyyətlə imtahanların çətin olması balların düşməsi deməkdir. İmtahanların asan olması balların qalxması deməkdir. Mən düşünürəm ki, əgər bu, ümumi çətinlik idisə, demək ki, bütün bakalavrlara çətin gəlib və bu təsir bütün bakalavrlara aiddir. Ona görə də heç kim fərdi olaraq üzülməsin ki, bu mənim üçün çətin olacaq. Mən düşünürəm ki, ikinci cəhd imtahanı bir az asan olar. Çünki hər dəfə birinci cəhd imtahanı bir az çətin salınır. Ondan sonrakı ikinci cəhd imtahanı ona nisbətən asan olur".
Ekspertin fikrincə, imtahana informatikadansa Azərbaycan dilini salmaq lazımdır.
"Məntiq artıq müasir dünyanın tələb etdiyi ixtisaslardan biridir, olmalıdır. Amma bunu tarazlamaq lazımdır. Düşünürəm ki, 50 sual məntiqi 25 suala salmaq olar və digər 25 sualın da hər bir kəsin öz ixtisasına müvafiq sual kimi tərtib etmək olar. İnformatika ilə də xarici dili magistraturaya görə ehtiyac duymuram. Mən düşünürəm, informatikadansa Azərbaycan dilini salmaq lazımdır. Azərbaycan dili bizim öz dövlətimizin dilidir və təbii ki, dövlət maraqlarımızı ön plana qoymalıyıq. Mənim təklifim budur ki, 25 sual riyazi məntiqdən, 25 sual öz ixtisasından, 25 sual xarici dildən 25 sual da Azərbaycan dilindən ola bilər", - deyə R.Nurəliyev qeyd etdi.
Türkan İSGƏNDƏRLİ