"Məktəblərin əsas məqsədi müstəqil düşünən vətəndaş yetişdirmək olmalıdır" - Təhsil eksperti

 09:48 18.02.2025     309

"Uzun müddətdir apardığım tədqiqat və təhlillər nəticəsində 9, 10 və 11-ci siniflər üçün “Analitika” fənninin vacib olduğunu görürəm. Bu gün orta məktəb həyata hazır insan yetişdirmək əvəzinə sadəcə ali məktəblərə qəbul üçün baza rolunu oynayır. Təhsil sistemi şagirdləri real həyat bacarıqları ilə deyil test həll etmək vərdişləri ilə silahlandırır. Ancaq şagirdlərin repetitor yanına getməsi onların savadlı olması demək deyil!".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, məktəblərin əsas məqsədi həm də müstəqil düşünən şəxsiyyət yetişdirməkdir:

"Məktəblərin əsas məqsədi yalnız ali məktəbə hazırlıq yox, şəxsiyyət və müstəqil düşünən vətəndaş yetişdirmək olmalıdır. Bu gün cəmiyyətimizin ən böyük problemlərindən biri analitik düşüncənin zəif olmasıdır – insanlar doğru və yalan informasiyanı ayırd edə bilmir, manipulyasiyaya açıqdır, statistik məlumatları təhlil edə bilmir və problemlərin həllində yaradıcı yanaşmadan uzaqdır.

Əgər biz məktəbdə Analitika fənnini tətbiq etsək bu fənn şagirdlərə məlumatlarla işləməyi, dərin təhlil aparmağı və məntiqi düşünməyi öyrədəcək.

Analitika fənni bizə nə verəcək:

Məlumatları təhlil etmək və qərarvermə bacarığı:

Şagirdlər riyazi statistikadan, sosial problemlərin həllinə qədər geniş bir spektrdə təhlil aparmağı bacaracaqlar.

Tənqidi və məntiqi düşüncə:

Bu gün yalan məlumatın, populizmin və manipulyasiyanın qarşısını almağın ən güclü yolu tənqidi düşüncədir. Analitika fənni gənclərə media manipulyasiyalarını tanımağı, rasional düşünməyi və faktları sübutlara əsasən qiymətləndirməyi öyrədəcək.

Müasir dövrün bacarıqları:

Süni intellekt, rəqəmsal təhlükəsizlik, məlumat analizi və strategiya qurmaq bu fənnin əsas istiqamətlərindən olacaq. Gələcəyin peşələri artıq bunları tələb edir!

Məktəbi repetitor bazasına çevirməkdən xilas edəcək:

Hazırkı təhsil sistemi şagirdləri repetitorlara möhtac edir. Halbuki məktəb özü bilik və bacarıq verməli, şagirdlərə fərdi inkişaf üçün meydan açmalıdır. Analitika fənni məktəbi funksional hala gətirəcək.

Bu gün ali məktəblərə qəbul sistemi orta məktəbin işini iflic edib. Məktəbdə verilən biliklər şagirdlərə həyata hazırlıq baxımından yetərli deyil, çünki sistem onları yalnız test imtahanlarına yönəldir. Halbuki, məktəbin məqsədi yalnız qəbul imtahanına hazırlaşan deyil, həm də cəmiyyət üçün faydalı və düşünən fərd yetişdirmək olmalıdır.

Vətəndaşlıq fənni də şərtdir!

Təkcə Analitika yox eyni zamanda Vətəndaşlıq fənninin tətbiqi də şagirdlərə hüquq, vətəndaş məsuliyyəti və etik dəyərlər haqqında biliklər qazandıracaq. Bugünkü cəmiyyətdə hüquqlarını bilməyən, dövlət-vətəndaş münasibətlərində aktiv rol almayan gənclər yetişir. Vətəndaşlıq fənni insanları cəmiyyətin tam hüquqlu iştirakçısına çevirəcək.

Bu gün biz dünyaya açıq, məntiqi düşünən, müasir biliklərlə silahlanmış gənclər yetişdirmək istəyiriksə, Analitika və Vətəndaşlıq fənləri mütləq tədris olunmalıdır! Əks halda orta məktəb sadəcə ali məktəblərə hazırlaşan robotlar yetişdirən bir yer kimi qalacaq. Biz təhsili məhv etməməli, onu dirçəltməliyik!

Bu çağırış müəllimlərə, valideynlərə və təhsil siyasətçilərinə ünvanlanıb – gəlin, orta məktəbi dəyişək və onu gələcəyin insanlarını formalaşdıran bir mərkəzə çevirək!

Vasif