"Şagird məktəbdə öyrəndiyi biliklərlə universitetə qəbul ola bilmir" - AÇIQLAMA

 18:21 18.02.2025     796

Bəzi təhsil ekspertlərinin fikrincə, məktəblərdə "Analitika" fənni tədris olunmalıdır. Onlar hesab edirlər ki, bu fənnin tədrisi ilə şagirdlərin real bacarıqları ortaya çıxarılmalıdır.

Bəs "Analitika" fənni məktəblərdə tədris olunmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, məktəblərdə hansısa fənnin tədrisi ilə bağlı müxtəlif vaxtlarda fərqli fikirlər səsləndirilir:

"Bəziləri bütün məktəblərdə alman dili, ekologiya kimi fənnlərin tədrisini arzulayır. Bu istiqamətdə istəklər və təkliflər çoxdur. Hansısa fənnin tədris olunmasına zərurət yaranmalı, əsaslandırılmalıdır. Məhz niyə həmin fənn? Zərurət nədir? Məqsəd və hədəflər haraya doğru gedir? "Analitika" şagirdləri həyata hazırlayan fənn kimi düşünülə bilər. Ümumiyyətlə, məktəblərdə hər hansısa bir fənnin keçirilməsi, hər hansısa bir fənnin əlavə olunması və ya o fənnin çıxarılması böyük müzakirə tələb edir. Ən sonda qərarı dövlət qurumları verir. "Analitika" şagirdlərin real bacarıqlarını ortaya qoya bilər. Hazırkı təhsil sistemi əzbərçilikdir. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin imtahanını verə bilmək üçün hazırlıq kurslarının kitablarını, materiallarını əzbərləməlidirlər. "Analitika" isə bir növ şagirdin həqiqi bacarıqlarını ortaya çıxarır".

Keyfiyyətli təhsil olmadan elm inkişaf edə bilməz-Rizvan Fikrətoğlu |  Informator informasiya portalı

Ekspert qeyd etdi ki, bu gün məktəblərdə hər hansısa fənni əlavə etmək yox, mövcud olan fənnlərin, mövcud olan dərsliklərin formasını daha da dəqiqləşdirmək istiqamətində düşünülməlidir.

"Çünki hazırda tədris edilən fənnlərin keçirilməsi mübahisəlidir. Analitik bacarıqlar fənlərin tərkibində olmalıdır. Əzbərçilik sistemi yığışdırılmalıdır. Təfəkkür sisteminə keçid olmalıdır. Hal-hazırda məktəblərdəki fənlərdə, dərsliklərdə çox boşluqlar var. Şagird məktəbdə öyrəndiyi biliklərlə universitetə qəbul ola bilmir. Bu problemlərin həlli istiqamətində addımlar daha məqbul olar", - deyə R.Fikrətoğlu vurğuladı.

Aytəkin TOFİQQIZI