"Repetitorluğun ləğvi zamanla öz həllini tapacaq" - AÇIQLAMA

 17:34 18.02.2025     203

Elm və təhsil naziri Emin Əmrullayevin "müəllimin dərsdən sonra öz şagirdinə repetitorluq etməsi ayıbdır" fikrindən sonra bir çox müəllim sosial şəbəkələrdə aldıqları maaşın azlığını əsas gətirərək şagirdlərini pul qarışlığında hazırladıqlarını bildirdilər. Onlar hesab edirlər ki, yüksək maaş alarlarsa, əlavə repetitorluq etməyə də ehtiyac qalmaz.

Bəs müəllimlərin maaşı nə qədər artsa, onlar repetitorluq etməz? Ümumiyətlə, repetitorluq ləğv oluna bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, bu məsələ ilə bağlı geniş müzakirələr aparılıb, müxtəlif fikirlər səsləndirilib:

"Bildirim ki, repetitorluq fəaliyyətinin bir çox səbəbləri var. Səbəblərdən biri müəllimlərin daha çox vəsait qazanmasıdır. Digər önəmli səbəblərdən biri isə, bəzi şagirdlər düşünürlər ki, mütləq repetitor yanına getməlidirlər ki, bilik və bacarıqlarını artırsınlar. Bu da öz sırasında repetiror fəaliyyətinin fəallığını qoruyur".

C.Məmmədov qeyd etdi ki, repetitor hazırlıqlarının qarşısını tamamilə almaq mümkün deyil.

"Sadəcə, bu mövzunu tənzimləmək üçün müəyyən addımlar atıla bilər. Son illər Azərbaycanda demək olar ki, bu sahədə atılan addımlar artıb. Bu istiqamətdə dövlət qurumları davamlı olaraq tədbir görürlər. Hesab edirəm ki, müəllimlərin maaşı artdıqca, bu, prosesə öz təsirini göstərəcək. Burada özünəinamın, güvənin zəif olma faktoru da var. Bu prosesin tənzimlənməsinə nəzarət olunmalıdır. Lakin sərt inzibati tədbirlər qəbuledilməzdir. Bu proses normal şəkildə tənzimlənməlidir. Düşünmürəm ki, müəllimlərin maaşının qaldırılması repetitorluğu sonlandırar. Repetitorluğun dərin kökləri var. Bu məsələ zamanla öz həllini tapacaq", - deyə C.Məmmədov bildirdi.

Aytəkin TOFİQQIZI