"Bu şərti ona görə qoyublar ki, hamı ingilis dilini öyrənsin" - AÇIQLAMA

 18:16 18.02.2025     153

"Dövlət İmtahan Mərkəzi bu növ suallara həmişə eyni qəbildən cavablar verir. Deyir ki, "biz əvvəl nə soruşacağımız gözlənilirdisə, onu soruşmuşuq. Proqramdan kənar hər hansı bir şey soruşmamışıq". Əgər ümumi nəticə zəif olarsa, burada artıq suallar yaranır. Belə hallarda etirazlar edilməlidir".

Bu fikirləri təhsilin idarə olunması üzrə mütəxəssis Qoşar Məhərrəmov Redaktor.az-a açıqlamasında ötən həftə keçirilən magistraturaya qəbul imtahanı ilə bağlı narazılıqları şərh edərkən dedi. Onun sözlərinə görə, sualların asan və çətinliyi tələbəyə görə dəyişir:

"Amma bütün tələbə üçün vəziyyət eyni olarsa, yəni ümumi statistika tələbələrin zəif nəticəsini bir mənada şərtləndiribsə, o zaman etirazlar olmalıdır. Tələbələr tərəfindən kütləvi elektron poçtlar yazılmalıdır və buna qarşı bir heyət əmələ gəlib komissiya olaraq baxmalıdır ki, dövlətin çətin, orta, asan dərəcəsi hansı formadadır. Dünyanın hər bir tərəfində əgər tədrisin dili ingilis dilindədirsə, həmin dili bilirmi deyə bir imtahan keçirilir. Amma əgər Azərbaycanda magistratura, Azərbaycan dilindədirsə ingilis dili imtahanı keçirmək sırf tədqiqat məqsədi daşıyır. Çünki ingilis dili əgər magistratura oxuyan adama lazım olmayacaqsa, onu bir tələb kimi qoymamaq olar".

Ekspert ingilis dili imtahanlarının olmamasını düzgün hesab etmədiyini bildirərək, ingilis dili biliklərinin tələbələr üçün vacib olduğunu vurğuladı.

"Tələbələr bunu başa düşməlidir ki, magistratura oxuyan insan artıq tədqiqat aləminə qədəm basır. Tədqiqatla məşğul olan bir insan da ingilis dilini bilməlidir. Bu şərti ona görə qoyublar ki, hamı ingilis dilini öyrənsin. Təbii ki, ingilis dili bilməyən magistratura oxuya bilməz deyə bir şərt yoxdur. Artıq elə bir dövrdə yaşayırıq ki, ingilis dili öyrənmək asanlaşıb. "Youtube", fərdi müəllim və ya kurs, o cümlədən universitetin dərsləri ilə öyrənə bilər. Yəni artıq ingilis dili bilməmək bir magistratura, doktorantura tələbəsi üçün uyğun bir vəziyyət deyil. Ona görə də ingilis dili imtahanın olmamasını düzgün hesab eləmirəm", - deyə Q.Məhərrəmov bildirdi.

Türkan İSGƏNDƏRLİ