Blok imtahanlarına qədər "Abituriyent" jurnalı dərc olunacaq - AÇIQLAMA

 17:35 19.02.2025     181

""Abituriyent 1" jurnalında ixtisaslar göstərilir. Bu ixtisaslar Dövlət İmtahan Mərkəzindən asılı deyil. "Təhsil haqqında" qanuna görə, ixtisasların təsnifatını, yəni ixtisasların adı, tələbə yerlərinin sayı, istər peşə təhsili, orta təhsil, universitet, bunları Nazirlər Kabineti müəyyən edir".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirdi.

Onun sözlərinə görə, Nazirlər Kabineti hər il üçün ixtisasların və həmin ixtisasda qəbul olunacaq tələbələrin sayını müəyyən etdikdən sonra Dövlət İmtahan Mərkəzi onu jurnalda göstərə bilər:

"Buraxılış imtahanları yekun attestasiyadır. Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarına əsasən həyata keçirilən yekun attestasiyadır. Bunun həyata keçirilməsi qəbul zamanı nəzərə alınır. Amma bu, qəbul imtahanı deyil. Qəbul imtahanı 2 mərhələdən ibarət olur: buraxılış imtahanı və blok imtahanlarıdır".

Ekspert hesab edir ki, blok imtahanlarına qədər jurnal dərc olunacaq.

"Həmin ixtisas adlarının buraxılış imtahanı ilə əlaqəsi yoxdur. Buraxılış imtahanının nəticələri qəbul zamanı nəzərə alınır. Buraxılış imtahanında iştirak edən hər kəs universitetlərə sənəd vermir. Jurnalın gecikməsinin buraxılış imtahanlarına heç bir təsiri yoxdur. Görünür ki, Nazirlər Kabineti 2025-2026-cı illər üçün ixtisasların təsnifatını və tələbə yerlərini müəyyən etməyib", - deyə E.Qafarov vurğuladı.

Aytəkin TOFİQQIZI