"Erkən nigah məhz belə məktəblərdə baş verir" - Təhsil eksperti

 18:30 20.02.2025     2368

"Azərbaycanda qızların təhsil alma mövzusu, əsasən kəndlərdə çox ciddi problem olaraq qalır. Elə rayon və kəndlər var ki, orada 5-6-cı sinifdən sonra qızların dərsə davam etməsi demək olar ki, minimuma enir".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi.

"Çox qəribədir ki, bu gün həmin təhsil müəssisələri ilə bağlı təhlillər aparılmır. Bəlkə də təhlillər aparılır, amma nəticəsi yoxdur. Mənim təhsil aldığım Şamaxı rayonu, Quşçu kəndində məzun olanlar arasında 3-4 nəfər tapılar ki, onlar da ən yaxşı halda kollec səviyyəsi və ya 1-2-si ali təhsil müəssisəsini qazanmış olar. Bu, sadəcə mənim təhsil aldığım məktəbə aiddir. Onlarla belə nümunələr çəkmək olar. Sırf belə halların qarşısının alınması üçün çox çalışmaq lazımdır", - həmsöhbətimiz dedi.

Ekspertin sözlərinə görə, elə erkən nigah da məhz belə məktəblərdə baş verir:

"Təhsili olmayan ana da elə gələcəkdə öz qızını erkən nigaha sövq edəcək. Düşünürəm ki, bu mövzuların səsləndirilməsi yaxşı haldır.  Amma bir nəticə olmalıdır. Uşaqlarla iş üzrə polis şöbəsinin əməkdaşları, icra hakimiyyətinin şöbələri məktəblə işləməyə cəlb olunmalıdır. Qızların təhsili zəif olduğu yerlərdə valideynlərlə ciddi iş aparılmalıdır. Təhsilin İnkişafı Fondu qızların təhsili ilə bağlı bir təşəbbüs irəli sürüb, layihələr həyata keçirir. Yaxşı olar ki, ucqar rayonlarda olan kəndlərin imkanları araşdırılsın, orada qızların təhsilinin inkişafı üçün Təhsilin İnkişafı Fondu bir sıra layihələr həyata keçirsin. Bu mövzu ilə bağlı tədbirlər görülməsə, belə də davam edəcək".

Aytəkin TOFİQQIZI