"Nəticə 15-20 il sonra özünü göstərəcək" - AÇIQLAMA

"Sağlamlıq baxımından ali təhsilli ailələrdə uşaqların erkən yaşda ölümü 5-10 % daha azdır".
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə keçirdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, Emin Əmrullayevin fikri belə izah edilə bilər ki, ali təhsilli ailələr həm tibbi, həm də tərbiyəvi yöndən, həmçinin ümumilikdə elit ailə səviyyəsində öz övladlarına təsir göstərə bilirlər:
"Məsələn, tibbi çatışmazlıq, hər hansısa xəstəlik varsa, zamanında müdaxilə edilərək aradan qaldırılmasına köməklik göstərə bilirlər. Qida məhsulunun qəbulu zamanı, əgər ailə ali təhsillidirsə, bu qidanın zərərli, yoxsa xeyirli olduğu müəyyən edilə bilir. Ali təhsilli ailələrdə bu istiqamətə meyil daha çox olur. Düşünürəm ki, bu günü 15-20 il əvvəllə müqayisə etdikdə görərik ki, ciddi fərqlər var. Düzdür, hələ də erkən nigah məsələləri rayonlarımızda özünü göstərir. Xüsusilə cənub rayonlarında bir az daha çoxdur. Amma əvvəlki ilə müqayisədə hal-hazırda qız uşaqlarının təhsil almasına ailələr daha çox maraq göstərir. Son buraxılış imtahanlarında maksimum bal toplayanların 80 faizinin qız olması çox sevindirici haldır. Əksəriyyəti də rayondan olan abituriyentlər idi. Hal-hazırda ailələrin qızlarının oxumasına meyilli olduqlarını görürük. İmtahanlara qeydiyyatdan keçənlərin saylarına baxanda görürük ki, qızlar üstünlük təşkil edir".
Ekspertin sözlərinə görə, ailələr artıq qızlarının ali təhsil aldıqdan sonra ailə həyatı qurmalarına üstünlük verirlər:
"Düzdür, erkən nigah tam aradan qaldırılmayıb, hələ də var. Bu problemin həlli üçün bir sıra addımlar atılır. Cənab nazirin bildirdiyi kimi, hal-hazırda təhsil ilə bağlı apardığımız islahatlar 15-20 il sonra öz təsirini göstərəcək. Yaxud ailə münasibətləri ilə bağlı aparılan hər hansısa islahatlar illər sonra öz bəhrəsini verəcək. Düzdür, bəzi məqamlarda bu illər çəkə bilər. Məsələn, sertifikasiya istiqamətində atılan addımlar 5 il sonra artıq öz təsirini göstərəcək. MİQ sahəsində atılan addımlar artıq bir müddət sonra öz təsirini göstərəcək. Məktəbəqədər təhsil sahəsində keçirilən islahatlar özünü göstərəcək. Hesab edirəm ki, atılan bu addımlar yaxın zamanda öz bəhrəsini göstərəcək".
R.Nurəliyev qeyd etdi ki, ailə mövzularında həllər isə özünü 15-20 il sonra göstərəcək.
"Ali təhsil almış bir ana öz övladını da o istiqamətdə yetişdirəcək. Məsələn, həmin ailənin övladı 17 yaşından ali təhsil almağa başlayacaq, təhsilini bitirəcək. Bu halda nəticə 15-20 il sonra özünü göstərmiş olacaq. Ali təhsilli ailə elə övladını da bu istiqamətdə yönləndirir. Bu hal, cəmiyyətin əksəriyyətinin ali təhsilli olmasına müəyyən qədər təsir göstərəcək", - deyə ekspert vurğuladı.
Aytəkin TOFİQQIZI