"Təhsil sistemi hava şəraitinə deyil, insan sağlamlığına uyğun şəkildə təşkil edilməlidir"

"Təhsil sistemi çevik və operativ olmalıdır. Təbiət hadisələri – qar, yağış, buzlanma – qaçılmazdır, lakin müasir dövrün tələblərinə uyğun olaraq təhsil sahəsində alternativlər tətbiq edilməlidir. Ən vacib məsələ insan sağlamlığıdır və tələbə, şagird, müəllim üçün təhlükəsiz mühit təmin olunmalıdır".
Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, tədris prosesinin fasiləsizliyini qorumaq üçün çevik həll yollarına ehtiyac var.
"Hava şəraiti ilə bağlı müvafiq qurumlar əvvəlcədən xəbərdarlıq edirlər. Əgər yollar buz bağlayır, avtobuslar hərəkət edə bilmir və insanlar vaxtında dərsə çata bilmirsə, tədris prosesinin fasiləsizliyini qorumaq üçün çevik həll yollarına ehtiyac var. Pandemiya dövründə distant təhsilə keçid sürətli şəkildə həyata keçirildi. O zaman texniki imkanlardan istifadə etməyi bacardıqsa, indi də bu praktikanı hava şəraitinə uyğun tətbiq etməliyik.
Universitetlər, məktəblər və kolleclər hava şəraitinin kəskin pisləşdiyi günlərdə dərsləri onlayn platformalara keçirməli, tələbə və müəllimləri çətin şəraitdə yollara çıxmağa məcbur etməməlidir. Hazırda Azərbaycanda əksər ali təhsil müəssisələri və orta məktəblər onlayn dərs keçmək üçün lazımi infrastruktura malikdir. "Zoom", "Microsoft Teams", "Google Classroom" kimi platformalar geniş yayılıb və istifadəsi mümkündür".
Ekspertin fikrincə, təhsil müəssisələrinin rəhbərləri və aidiyyəti dövlət qurumları öncədən proqnozları nəzərə alaraq, hansı hallarda dərslərin onlayn rejimə keçiriləcəyinə dair mexanizm yaratmalıdırlar.
"Bu məsələdə operativ qərar qəbul edilməlidir. Belə yanaşma həm təhsilin fasiləsizliyini təmin edəcək, həm də şagirdlərin və müəllimlərin sağlamlığını qoruyacaq.
Süni maneələr yaratmağa ehtiyac yoxdur. Əgər tələbə və müəllim yolu təhlükə ilə qət etməyə məcbur olursa, bu, səmərəli təhsil modeli sayıla bilməz. Çevik, müasir və təhlükəsiz təhsil üçün alternativlər mütləq tətbiq olunmalıdır. Təhsil sistemi hava şəraitinə deyil, insan sağlamlığına uyğun şəkildə təşkil edilməlidir!".
Türkan İSGƏNDƏRLİ