"İkipilləli doktorantura elmin inkişafını ləngidir" - ekspert

 21:33 21.02.2025     185

"Ən qısa müddət ərzində kredit əsaslı və strukturlaşdırılmış doktorantura pilləsi hazırlanmalıdır".

Bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, Azərbaycan təhsilində ciddi islahatlara ehtiyac var. Onun fikrincə, bu islahatların ehtiyac olduğu istiqamətlərdən ən önəmlisi təhsilin doktorantura pilləsidir:

"İkipilləli doktorantura bariyerdir. Elmin inkişafını ləngidir. Düşünürəm ki, fəlsəfə və digər elmlər üzrə doktorantura pilləsinə yanaşma fərqli formada olmalıdır. Mövcud quruluş doğru deyil. Hətta elm və təhsil naziri də kredit əsaslı və strukturlaşmış doktorantura pilləsinin hazırlanmasının tərəfdarıdır. Strukturlaşdırılmış doktorantura proqramları tələbələrə daha konkret və ixtisaslaşmış sahələrdə tədqiqatlar aparmaq imkanı verə bilər. Bu da onların akademik inkişafını və elmi tədqiqat fəaliyyətlərini dərinləşdirə bilər".

Ekspertin sözlərinə görə, kredit əsaslı və strukturlaşdırılmış proqramlar beynəlxalq təhsil sistemləri ilə daha uyğun olacaq, bu da azərbaycanlı doktorantların xarici təhsil müəssisələri ilə əməkdaşlıqda və elmi mübadilədə daha əlverişli vəziyyətə gəlmələrinə şərait yaradacaq.

"Yeni model doktorantların tədqiqatlarını daha çox tətbiqi sahələrə yönəldə bilər, bu da onların həm elmi, həm də əmək bazarında daha praktiki və faydalı biliklərə sahib olmalarını təmin edə bilər. Strukturlaşdırılmış proqramlar və kredit sistemləri tədqiqatların daha disiplinli və məqsədyönlü olmasına səbəb ola bilər.
Bu dəyişikliklərin həyata keçirilməsi üçün isə tədqiqat proqramları, təhsil müəssisələrinin infrastrukturu və müəllim heyətinin hazırlanması tələb oluna bilər. Həmçinin, bu cür dəyişikliklərin tam həyata keçirilməsi bir neçə illik zaman ala bilər, çünki yeni sistemin tətbiqi geniş miqyaslı hazırlıq və təkmilləşdirmə tələb edir", - deyə R.Fikrətoğlu bildirdi.

Aytəkin TOFİQQIZI