"Görünən odur ki, təhsil idarəetmə orqanları bu kimi hallara hazır deyillər" - AÇIQLAMA

"Çox təsadüfi hallarda şəhərlərdə belə hava şəraitinə rast gəlinir. Təhsil idarəetmə qurumlarının belə hava şəraitləri üçün planı olmalıdır".
Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov qarlı, şaxtalı havalarda dərslərin dayandırılmaması və distant təhsilə keçilməməsi ilə bağlı danışarkən bildirdi.
Onun sözlərinə görə, bu gün bəzi universitetlərimizin distant tədrisə keçməsi düzgündür:
"Hər kəs bilir ki, bu gün Bakı şəhəri, Sumqayıt, Abşeron kimi iri şəhərlərimizdə hava şəraiti necədir. Düşünürəm ki, bir sıra universitetlərin distant təhsilə keçməsi doğru addımdır. Amma məktəbəqədər təhsil müəssisələri valideynlər işə getdikləri üçün məcburi fəaliyyət göstərməlidir. Reallıq budur ki, ümumtəhsil məktəblərində təhsil idarəetmə orqanlarımızın belə hava şəraiti olduqda həyata keçirəcək bir planı yoxdur. Məktəblilərin çoxu, əsasən də ibtidai siniflərin məktəbə getmədiyini bilirik. Məktəblərin əksəriyyətində davamiyyət 50 faizdən aşağıdır".
Ekspert qeyd etdi ki, bu gün və sabah üçün distant tədris həyata keçirilə bilərdi:
"Görünən odur ki, təhsil idarəetmə orqanları bu kimi hallara hazır deyillər. Onsuz şagirdlər məktəbə getməyib və davamiyyət azdır. Burada əsas məsələ odur ki, təhsil idarəetmə orqanlarının bu kimi hallarda hansı tədbirləri həyata keçirməli olduqları ilə bağlı planları yoxdur", - deyə E.Qafarov vurğuladı.
Aytəkin TOFİQQIZI