"Müəllim şagirdə şiddət göstərdikdə, onunla bağlanan müqaviləyə xitam verilir" - AÇIQLAMA

"Ümumtəhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi, eyni zamanda məktəb daxilində nizam-intizam qaydalarına əməl edilməsi daim diqqət mərkəzində olmalıdır".
Bunu Redaktor.az-a təhsil eksperti Rizvan Fikrətoğlu təhsil müəssisələrində müəllimlərin şagirdlərə şiddət göstərməsindən danışarkən bildirdi. Onun sözlərinə görə, bu istiqamətdə məktəb direktorları, regional təhsil idarəsi, nazirlik və onun qurumları tərəfindən mütəmadi olaraq zəruri maarifləndirmə işləri həyata keçirilməlidir:
"Təhsil müəssisələrində hər bir halda şiddət qınanmalıdır. Digər tərəfdən, bir mövzu da var ki, şiddəti qınasaq belə, bəzən görürük ki, təlim-tərbiyə prosesi də yerində deyil. Uşaqlar davranışlarını bilmirlər. Məktəblər vaxtında tədbir görmür. Əgər uşaq özünü apara bilmirsə, avadanlıqları sındırırsa, hər hansısa dövlət əmlakına ziyan vurursa, məktəb rəhbərliyi vaxtında zəruri tədbirlər görməlidir. Bunu isə məktəblər etmirlər".
Ekspert qeyd etdi ki, müəllimin şiddət göstərməsi qəbul edilən deyil:
"Müəllim şagirdə şiddət göstərdikdə, müəllimlə bağlanan müqaviləyə xitam verilir. Bu isə gələcəkdə müəllimin iş tapmasına problem yaradan haldır. Bu hallar nəzərə alınmalıdır. Müəllimə kimsə tərəfindən tənbeh verilə bilər. Müəyyən müddət tədrisdən uzaqlaşdırıla bilər. Belə olduqda müəllim inzibati həbs alsa, cərimə alsa, daha doğru olar".
Aytəkin TOFİQQIZI