Belə havalarda dərslər onlayn keçirilməlidir, əlavə dərslər salmaq effektiv deyil - AÇIQLAMA

 16:54 24.02.2025     165

Ölkə ərazisinə yağan qar bir çox yolları iflic edib. Yerlərin buz olması isə ayrı təhlükə yaradır. Buna baxmayaraq, məktəblərdə dərslər əyani şəkildə tədris olunur. Vəziyyətdən narahat olan valideynlərin bir qismi uşaqlarını məktəbə göndərməkdən imtina ediblər.

Bəs belə havalarda hansı mexanizm tətbiq olunmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri bildirdi ki, bütün hallar üçün alternativ tədris formamız olmalıdır. 

"XXI əsrin əsas tələblər mexanizmində ənənədən uzaqlaşmaq anlayışı var. Təbii ki, tam şəkildə yox, müəyyən mərhələlərdə, müəyyən dönəmlərdə ənənədən imtina və rəngarəngliyin məzmun istiqamətində səmərəliliyin inkişafı üçün qeyri-ənənəvi formalara müraciət lazımdır. Biz bunu COVİD-19 zamanı yaşamış olduq. Bundan başqa hava şəraiti, təbii fəlakətlər, sel, yanğın buna aiddir. Biz elə coğrafiyada yaşayırıq ki, Azərbaycan çox da ciddi iqlim problemi üzləşmir. Amma dünyanın elə ölkəsi var ki, orada sel daşqınları, meşə yanğınları görürük. Amma ən azından indiki kimi qarlı, leysanlı, qeyri-adekvat havalarda alternativimiz mütləq və mütləq olmalıdır. Biz sadəcə arxayınıq. Nə mənada? Bizim iqlimimiz o qədər mülayimdir ki, uzaqbaşı bizdə iki-üç gün yağa bilər, bir həftə qar yağması mümkün deyil. Belə olsa, iflic bir durum yarana bilər. Bu hal yağış üçün də keçərlidir. Amma bu, belə olmamalıdır", - deyə həmsöhbətimiz söylədi.

Ekspertin sözlərinə görə, əlavə dərslərin salınması effektiv həll yolu deyil:

"Neçə gün olursa-olsun biz alternativ tədris formasını həmişə öz əlimizdə rezerv kimi saxlamalıyıq. İstər universitetlər olsun, istəyir məktəblərdə olsun. Çox yaxşı haldır ki, ali təhsil müəssisələrimizin bir çoxu buna çox adekvat reaksiya verdi. Tez bir zamanda "Teams" üzərindən onlayn dərslər üçün cədvəl hazırlandı, tədris proqramı müəyyən olundu və bu gün artıq həmin proqramdan istifadə olunur. Orta məktəblərdə buna gedilmədi. Yollarda müəyyən qədər sürüşkənlik təhlükəsi olsa da, hazırda hava şəraiti o qədər də sərt deyil. Amma sərt ola bilərdi. Bunun üçün bizim mütləq alternativimiz olmalıdır. Həmən günlər dərs olmayıb, əlavə dərslər salmaq da çox effektiv addım deyil. Bu, əlavə yüklənmədir. Uşaqlar üçün əlavə ayrılmış dərslərə daha çox formal gözlə baxırıq. Bu formallıq sonda öz sözünü mütləq deyir".

Türkan İSGƏNDƏRLİ