DİM imtahanlarla bağlı məlumat YAYDI

 16:50 24.02.2025     108

Musiqi sənəti istiqamətinə aid xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə işçi qrupların iclasları başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Redaktor.az-a bildirilib ki, 2024-cü ilin oktyabr ayından etibarən keçirilən bu iclaslarda müxtəlif ixtisaslar üzrə qabiliyyət imtahanlarının proqramları müzakirə edilib və bu proqramlar çərçivəsində qabiliyyət imtahanlarında ifa olunacaq əsərlərin siyahıları hazırlanıb. Əsərlərin siyahısı müvafiq sahə üzrə ekspertlər və ali təhsil müəssisələrinin mütəxəssisləri ilə razılaşdırılıb.

Bu siyahılar qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlər və tədris aparan müəllimlər üçün kömək məqsədilə hazırlanıb. Nəzərə almaq lazımdır ki, bu əsərlər tövsiyə xarakteri daşıyır və abituriyentlər ixtisas proqramı əsasında hazırlanan bu siyahılara daxil olan əsərlərin çətinlik səviyyəsinə uyğun başqa əsərlər də seçərək təqdim edə bilərlər.

Bu siyahılarda olmayan əsər seçən abituriyentlər [email protected] ünvanına müraciət etməlidirlər. Abituriyentin proqrama uyğun təqdim etdiyi əsər bu siyahıya əlavə ediləcək.

İxtisaslar üzrə imtahanda ifa edilməsi tövsiyə olunan əsərlərin siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz.

Belə ki, qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçərkən abituriyentlər ixtisas fənni üzrə qabiliyyət imtahanında ifa edəcəkləri əsərləri müvafiq siyahılardan seçəcəklər. Abituriyentlər əsərləri seçdikdən sonra qeydiyyatlarını təsdiqləyə biləcəklər. Bu haqda ətraflı məlumat qeydiyyat günlərində veriləcək. Qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyat buraxılış (V ixtisas qrupu üzrə qəbul) imtahanlarının nəticələri elan olunduqdan sonra aparılacaq.

Xatırladaq ki, ixtisas imtahanında ifa olunan əsərlərin seçimi ötən illərdə proqram formasına abituriyent tərəfindən yazılaraq imtahan zamanı qiymətləndirmə aparan komissiyaya təqdim edilirdi.

Təsdiq edilmiş əsərlərin imtahan zamanı dəyişdirilməsinə yol verilmir.

Musiqi müəllimliyi ixtisası üzrə proqrama uyğun əsərlərin seçimi əvvəlki illərdə olduğu kimi həyata keçiriləcək.