Qarlı günlərdə məktəblər distant təhsilə keçməlidir - AÇIQLAMA

"Hava şəraiti ilə əlaqəli olaraq təhsil müəssisələrinin fəaliyyətində müəyyən qərarların verilməsi və təhsilin distant formada keçirilməsi vacib idi. Ən azından 2-3 günlük dərslərin distant tədrisi təşkil olunmalı idi".
Bunu Redaktor.az-a təhsil eksperti Elçin Əfəndi qeyri-sabit havalarda distant təhsilin əhəmiyyətindən danışarkən bildirdi.
Onun sözlərinə görə distant təhsil tədris olunsa idi, yalnız paytaxtla məhdudlaşmamalı idi:
"Paytaxtdan kənar ərazilərdə də qar yağması səbəbindən yaranan hərəkət problemləri nəzərə alınaraq distant təhsil həyata keçirilməli idi. Bu cür şəraitdə dərslərin distant tədris formasına keçirilməsi məqbul olardı. Doğrudur, bəzi universitetlər bu qərarı vermişdi, amma məktəbəqədər və ümumtəhsil üzrə dərslər ənənəvi qaydada davam etdi".
Ekspert qeyd etdi ki, "Təhsil haqqında" qanunda xüsusi olaraq qeyd olunur ki, dərslərin 3 forması var.
"Təhsil əyani, qiyabi və distant tədris olunur. Amma hal-hazırda distant təhsil formasını demək olar ki, tanımırıq. Düşünürəm ki, ötən qarlı günlər üçün tədbir görülməli idi. Distant təhsil ciddi şərait yarandığı zaman tədris üçün uyğun vəziyyətə gətirilməlidir. Əsasən əyani və qiyabi təhsil formalarına üstünlük veririk. Xarici universitetlərdə tələbələr distant formada təhsil alıblarsa, onların ümumiyyətlə diplomları tanınmır. Müəyyən ciddi vəziyyət yarandığı zaman uzaqdan idarəetmə dərs formasına icazə verilir. Biz bunu koronavirüs dövründə bir növ təcrübə etmişik. Həmin təcrübəyə əsaslanaraq, müəyyən fövqəladə vəziyyətdə məhz uzaqdan idarəetmə dərsləri tədris olunmalıdır. Çünki bu, qanunvericilikdə də öz əksini tapıb. Qanunvericilikdə göstərilirsə, mütləq insanların təhlükəsizliyi və sağlamlığı baxımından belə qərarların verilməsi vacibdir", - deyə E.Əfəndi vurğuladı.
Aytəkin TOFİQQIZI