DİM 10 manatlıq imtahanın qiymətini üç dəfə artırıb - ETİRAZ

 17:13 25.02.2025     191

"Dövlət İmtahan Mərkəzi təəssüflər olsun ki, qiymətlərlə bağlı dəyişiklik edib. Hər il abituriyentləri qeydiyyatdan keçirdiyimiz üçün, bunu müşahidə edə bilirik. Ən çox etiraz edilən məsələlərdən biri məzunların qəbul imtahanında iştirakının ödənişli olmasıdır".

Bunu Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev Dövlət İmtahan Mərkəzinin (DİM) imtahan qiymətlərini qaldırması ilə bağlı danışarkən bildirdi.

"İctimaiyyətdə belə bir düşüncə var ki, bu qiymət 11-ci siniflərə aid deyil, ancaq məzunlara aiddir. Əgər məzunlara aiddirsə, bir məzunun imtahan qiymətini hesablasaq, buraxılış imtahanına giriş 45 manat, blok imtahanında iştirak etdiyi halda 45-50 manat, təxmini hesablama 140 manata gəlib çıxır. Xarici dil fərqli dildirsə, ödəniş 30 manatdır. Hər iki cəhdin alt qurupunda iştirak edərsə, 40 manat edəcək. Rahatlıqla bir məzunun qəbul imtahanlarında iştirak etməsi 200 manat hesabına başa gəlir. Bu qayda 11-ci siniflərə də aiddir. 11-ci siniflər üçün buraxılış imtahanı ilə birinci cəhdin blok imtahanı ödənişsizdir. Əgər 11-ci sinifdə oxuyan şagird xarici dili başqa dildən imtahan verirsə, əlavə 30 manat ödəməlidir. Blok imtahanının birinci cəhdində iştirak üçün 50 manat ödəməlidir. Blok imtahanlarında alt qruplarda (1 və 2-ci qruplarda informatika, coğrafiya) iştirak edərsə, hər birində 20 manat ödənməlidir".

Ekspertin sözlərinə görə, xarici dil imtahanının qiymətinin 3 dəfə artırılması həqiqətən çoxdur:

"Məsələn, belə düşünək, buraxılış imtahanı Azərbaycan dili, Riyaziyyat, Xarici dil 3 fənndən verilir. Ödəniş 45 manat olur. Hər fənndən 15 manat düşür. Amma təkcə Xarici dildən imtahan verərsə, 30 manat ödənir. Bunun açıqlaması verilməlidir ki, niyə 3 dəfə artırılıb. Mən buna təhsil mütəxəssisi olaraq qarşıyam. Əsassız bu qədər artım olmamalıdır. 10 manatlıq imtahanın qiymətinin 3 dəfə artırılması doğru deyil. Dövlət İmtahan Mərkəzinə təklif edərdim ki, qəbul imtahanlarında bu qiymətləri qaldırıb, ictimaiyyəti narahat etməkdənsə, bol-bol sınaq imtahanları etsinlər. Bu qəbul ilində bir sınaq blok imtahanının martda keçirilməsi planlanır. Bu sınaq imtahanını 10-15 il əvvəlki kimi 3-4 dəfə ödənişli əsaslarla etsələr, buraxılış imtahan sınaqları keçirilsə, düşünürəm ki, bu, daha doğru olar. Sınaq imtahanında istəyən iştirak edir, istəməyən isə yox. Amma qəbul imtahanında məcbur hər kəs iştirak etməlidir. Bu səbəbdən bu qədər qiymət artımını doğru hesab etmirəm. Maddi vəziyyəti yaxşı olmayan ailələrə bu qiymət artımları təsir edir".

R.Nurəliyev qeyd etdi ki, Dövlət İmtahan Mərkəzinin niyə bu qədər artım etməsi ilə bağlı açıqlama yoxdur.

"Əgər büdcədə çatışmamazlıq var idisə, bol-bol sınaq imtahanları keçirilə bilərdi. Sınaqda istəyən iştirak edər, istəməyən yox. Amma qəbulda iştirak vacibdir. Elə abituriyent ola bilər ki, blok ikinci cəhdində iştirak etmək istəsin. Ən çox Xarici dil qiymətinin 3 dəfə qaldırılmasına narazıyam. Bu, uyğunsuz qiymət artımıdır. Bu məsələyə Dövlət İmtahan Mərkəzi tərəfindən diqqət ayrılmalıdır"-deyə ekspert yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI