Magistr dərəcəsinə yiyələnmək müəllimin qarşısına bir sıra perspektivlər açır - Vüsalə Ağabəyli

 14:11 27.02.2025     240

"Əslində, müəllimlik ixtisası üzrə bakalavr pilləsinin tədris qrafiki, pedaqoji kadrın yetişməsi üçün əsas fənlərdən ibarətdir. Bu səbəbdən həmin ixtisasın bakalavr pilləsini bitirən tələbə MİQ imtahanlarına müraciət edərək orta məktəblərdə müəllim kimi fəaliyyət göstərə bilir".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti, Azərbaycan Dillər Universitetinin dosenti Vüsalə Ağabəyli bakalavr təhsilini müəllimlik ixtisası üzrə alanların magistratura təhsili almasının əhəmiyyətindən danışarkən bildirdi:                     

"Lakin magistr dərəcəsinə sahib olmaq həmin şəxsi əmək bazarında, xüsusən özəl məktəblərdə, beynəlxalq məktəblərdə və ali təhsil müəssisələrindəki vakansiyalar üçün daha rəqabətli və seçilən edir. Magistr dərəcəsinə yiyələnmək müəllimin qarşısına bir sıra perspektivlər açır. Belə ki, bu kadr yalnız pedaqoji fəaliyyəti ilə deyil, orijinal tədqiqat aparmağı, elmə töhfə verməyi və hətta daha sonra doktorluq dərəcəsinə yiyələnməyi ilə də seçilə bilər".

Ekspertin sözlərinə görə, bu kadrlar tədrisin keyfiyyətinin artırılması məqsədilə, tədqiqat nəticələrinə əsasən innovativ tədris strategiyaları hazırlaya bilər.

"Kadrlar tərəfindən müqayisələrlə real təhlillər apararaq praktik fəaliyyətinə də tətbiq edə bilər. Davamlı təhsil müəllim üçün müasir tədris metodlarını, texnologiya və pedaqoji tendensiyaları təkmilləşdirməyə kömək edir", - deyə V.Ağabəyli vurğuladı.

Aytəkin TOFİQQIZI