"Bu gün şagirdlər müəllimə deyil, telefondakı mesajlara inanır"

"Azərbaycan təhsilini analar nüfuzdan salır - votsap qruplarında!".
Redaktor.az xəbər verir ki, bu fikri təhsil eksperti Kamran Əsədov öz sosial media hesabında yazıb. 0nun sözlərinə görə, Azərbaycan təhsilinin əsas problemlərindən biri məktəbdə müəllimin nüfuzunun aşağı düşməsidir.
"Bu nüfuz itkisini şagirdlər və cəmiyyət yox, ən çox valideynlər – analar yaradır. Vatsap qruplarında bitib-tükənməyən intriqalar, müəllimə hörmətsizlik, dərsdən çox “kim nə aldı, kim nə qədər pul verdi” mövzularının müzakirəsi, müəllimlərin işinə qarışmaq, qeyri-peşəkar təzyiqlər yaratmaq bu gün Azərbaycan təhsilində ciddi deqradasiyaya səbəb olur.
Müəllim sinifdə dərs keçməlidir, şagirdin tərbiyəsi və inkişafı ilə məşğul olmalıdır. Amma bu gün müəllim valideynlərin daim gözaltı nəzarəti altında, ən xırda məsələyə görə mühakimə olunur. Dərs prosesinə müdaxilələr, əsassız iddialar və şagirdin məsuliyyətsizliyini ört-basdır etmək cəhdləri təhsilin keyfiyyətini ciddi şəkildə zəiflədir. Müəllimin nüfuzu olmazsa, o, təkcə bir peşə adamı kimi yox, bütövlükdə cəmiyyət üçün avtoritet kimi sıradan çıxır".
Ekspert bildirib ki, bu gün şagirdlər müəllimə deyil, telefondakı mesajlara inanır, valideynlər müəllimi deyil, sosial şəbəkədə yazılan şayiələri əsas götürür.
"Təhsilin düşməni elə içimizdədir – müəllimi nüfuzdan salan, hər addımına müdaxilə edən, dərs otağını inzibati nəzarət məkanına çevirən valideyn yanaşması. Analar məktəbdə müəllimin üstünə müəllim kimi deyil, xidmətçi kimi baxmağa başlayanda, təhsilin çökməsi də qaçılmaz olur. Azərbaycan müəllimi dərs deməlidir, hesabat verməməli!".
Aytəkin TOFİQQIZI