"Bunu yazmağa cəsarət lazımdır" - Müşfiq Ötgün

“Bir kitabını və bir neçə müsahibəsini oxumuşdum. Bir dəfə də hansısa konfransda iki üç dəqiqəlik söhbətimiz olmuşdu. Mənim üçün filosof universitet divarlarını aşanda başlayır. O divarlar arasında maaşa odaklı professorlar olur. Niyazi Mehdinin bu sərhədləri aşması xoşuma gedirdi”.
Redaktor.az xəbər verir ki, bunu filosof Müşfiq Şükürov bu gün dünyasını dəyişən həmkarı Niyazi Mehdi haqqında danışarkən deyib.
Onun sözlərinə görə, N.Mehdi müsahibələrində də çox səmimi olub:
“Müsahibələrində və fəlsəfə yapma üsulunda çox səmimi idi. Həqiqətin kökünü təkcə oxuduğu kitablarda deyil, yaşantılarında, duyğularında da axtarırdı və özüylə bağlı ən intim xatirələri belə paylaşmaqdan çəkinməzdi. Bir dəfə oğluna əsəbləşib üstünə qələmi atmasından və qələmin də uşağın üzünə batmasından çox qorxduğu və peşman olduğunu yazmışdı. Buna cəsarət lazımdır. Savadlı adamlarda az rast gəlirəm. Təəssüf ki, savadlı olmaq çox zaman qorxaq olmaq anlamına gəlir. Amma həqiqət də qınından, universitet divarlarından, ictimai şüurun, zamanın gözləntilərindən çıxmağı bacaran insanlara müyəssər olur. Bu yaxınlarda bir fizika müəllimi mərhum ustadı da mənim və bir neçə başqalarının gözünə qataraq onun və onun kimilərin gözləntilərini doğrultmadığı və ruhaniyyata "əyildiyi" səbəbi ilə "tənqid" etmişdi. Etsin.
Sənə isə Allah rəhmət eləsin, Ustad. Sağ ol ki, tariximizin ən qarışıq zamanlarının birində həmvətənlərinin şüurlarını düşüncələrinlə durultmağa çalışırdın”.
Vasif