"Bu halda uşaq müəllimin qarşısında quzu kimi oturub, onun dediklərinə əməl edəcək" - AÇIQLAMA

"Müəllim hüquqlarının məhdudlaşdırılması birbaşa qiymətləndirilmədən başlayır. Azərbaycanda qiymətləndirmə meyarları dəyişdirilməlidir. Kurikulum tətbiq olunana qədər müəllimlərin nüfuzu ilə bağlı məsələlər müzakirə obyekti deyildi. Kurikulum tətbiq olunduqdan sonra belə hallar müşahidə olunmağa başladı. Bu da müəllimlərin nüfuzunun azalmasına gətirib çıxardı".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Məzahir Məmmədli müəllimlərin hüquqlarının məhdudlaşdırılması mövzusundan danışarkən bildirdi. Onun fikrincə, şagird bir halda müəllimdən çəkinər ki, qiymətləndirmə meyarları sonrakı fəaliyyətinə təsir etsin:
"Qiymət neçə olur-olsun, attestat şagirdə verilir. Bu səbəbdən uşaqların müəllimlərdən çəkinmək üçün heç bir səbəbi yoxdur. İcra orqanlarının müəllimlərə təzyiqi o qədər oldu ki, yerli icra orqanları, xüsusilə regional idarələr sosial şəbəkələrdən müzakirələrin tez yığışdırılması üçün dərhal şagirdin hər hansısa hərəkətinə görə müəllimi cəzalandırır. Heç bir araşdırılma aparılmır. Dərhal şagirdi haqlı çıxarıb, müəllimi hətta işdən azad belə edirlər. Ən yaxşı halda müəllimə şiddətli töhmət verilir. Digər tənbeh tədbirləri görülür. Bu gün qiymətləndirmə elə formada qurulub ki, müəllimlərə birmənalı məhdudiyyət var. Müəllim şagirdi tənbeh edə bilməz. Hətta valideyn öz övladı ilə sərt, ciddi davranılmağına icazə versə belə, bu halda kimsə bunu kənardan görüb, piyar formasında ətrafa yayacaq".
Ekspertin sözlərinə görə, təlim göstəriciləri aşağı olan şagirdlər həmişə dərs mühitini pozmaqla, müəllimlərin nüfuzunu aşağı salmaqla məşğuldurlar.
"Əgər şagirdlər bilsələr ki, müəllimin onlara yazdığı 2 gələcək üçün problem yaradır, bu halda uşaq müəllimin qarşısında quzu kimi oturub, müəllimin dediklərinə əməl edəcək. Ən əsas çıxış yolu qiymətləndirmə meyarlarının dəyişdirilməsidir. Müəllim qiymətləndirmə meyarlarından uşaqlara qarşı təsiredici vasitə kimi istifadə edə bilər. Bu hallar təlim nəticəsi aşağı olan şagirdlərdə müşahidə olunduğu üçün, bu formada onlara təsir göstərmək olar", - deyə M.Məmmədli vurğuladı.
Aytəkin TOFİQQIZI