"Çalışmalıyıq ki, direktorlar müavinlərin arasından seçilsin" - Deputatdan "dilənçi payı" məsələsinə REAKSİYA

 17:20 03.03.2025     553

Bakı şəhəri 231 nömrəli tam orta məktəbin direktorunun yayılan səs yazısı bu gün ən çox müzakirə olunan məsələlələrdən biridir. Maraqlıdır ki, illərdir direktorların, eləcə də müəllimlərin rüşvətlə, hədiyyə ilə bağlı səs yazıları, videoları ictimailəşsə də, hələ də bundan dərs çıxarmayanlar var. 

Bu kimi hallar niyə hələ də davam edir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, mövzu hal-hazırda cəmiyyətdə çox geniş formada müzakirə olunur:

"Düşünürəm ki, bu məsələlərdə hər kəs həssas və diqqətli olmalıdır. Biz çalışmalıyıq ki, direktorlar müavinlərin arasından seçilsin. Bir şəxs müavin seçilsin, sınanıb yoxlanıldıqdan sonra onun direktor təyin olunması məsələsinə baxılsın. Məsələyə yanaşma bu formada olmalıdır. Hüquq-mühafizə orqanları bu məsələni araşdırmalıdır. Eynilə Elm və Təhsil Nazirliyi araşdırma apararaq bu məsələyə qiymət verməlidir".

Millə vəkili qeyd etdi ki, bu halın nə qədər doğru və ya yanlış olması ilə bağlı cəmiyyət maarifləndirilməlidir ki, mövcud anlaşılmazlıq aradan qalxsın.

"Biz çalışmalıyıq ki, məktəbin, məktəb direktorunun, müəllimin nüfuzunu qoruyaq. Bu kimi məsələlər, təəssüf ki, yalnız və yalnız müəllimin nüfuzuna xələl gətirir. Daha konkret, dəqiq fikir bildirmək üçün prosesi bilməli və aydınlaşdırmalıyıq", - deyə C.Məmmədov bildirdi.

Xatırladaq ki, Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səs yazısı yayılıb. Direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedoqoji heyəti təhqir edib. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib.

Aytəkin TOFİQQIZI