Mübahisə edən tarix müəllimləri məhkəməlik OLDULAR

Astarada məktəblərin birində müəllimlər arasındakı mübahisə məhkəmə ilə yekunlaşıb.
Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, məktəbin tarix müəllimi S.Qarayeva (soyadlar şərtidir) dərs keçdiyi şagirdlərdən birinin valideynləri ilə bağlı polisə müraciət edib.
O, müraciətində işdə olarkən 5-ci sinif şagirdinin ata-anasının məktəbə gəldiyini və onu təhqir etdiklərini bildirib. Məsələ ilə bağlı inzibati protokol tərtib edilib və araşdırma aparılıb.
Məlum olub ki, şagirdin anası 1990-cı il təvəllüdlü A.Kazımova da tarix müəllimidir. O, ifadəsində övladının müəlliminin onun barəsində xoşagəlməz sözlər dediyini bildirib: “Qızımın tarix müəllimi S.Qarayeva mənimlə olan münasibətinə görə övladımı məktəbdə incidir, onu yerli-yersiz danlayır. Qızıma deyir ki, sübut edəcəyəm ki, anan tarix müəllimi kimi zəifdir, bu da uşağın psixologiyasına mənfi təsir göstərir. Mən də valideyn olaraq həyat yoldaşımla birlikdə məktəbə gedib onunla danışmaq istədim. Məktəbin direktoru bizə dedi ki, həmin müəllim onu saymır, onunla danışmaq mümkün deyil, ancaq kobud dildən başa düşür, gedib onunla kobud danışım. Tənəffüs vaxtı yaxınlaşaraq S.Qarayevanı danışmağa çağırdım, əvvəlcə sakit şəkildə söhbət etdik, daha sonra o, qızım barədə qeyri-etik ifadə işlətdi. Bundan sonra aramızda mübahisə yarandı. Həmin vaxt yüksək səslə danışsaq da, heç kim təhqiramiz ifadə işlətməyib”.
Şikayətçi S.Qarayeva isə müəllim həmkarının və onun əri ilə bağlı ciddi tədbir görülməsini xahiş edib.
Astara Rayon Məhkəməsi valideynlər barəsində tərtib edilmiş inzibati protokola (xırda xuliqanlıq maddəsi üzə) baxıb. Onların hər biri 50 manat cərimə ediliblər.