"Madam şagirdlərin təbrik etməsini istəmirsiniz, siz özünüz müəllimlərə bir hədiyyə alın" - Ekspertdən nazirliyə ÇAĞIRIŞ

 19:06 03.03.2025     407

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsinin yolverilməz olduğunu bəyan edib. Bu kimi hallar müşahidə olunarsa müvafiq tədbirin görüləcəyi bildirilib.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, 8 Mart bütün dünyada qadınlara verilən dəyər günüdür. Onun sözlərinə görə, 8 Martda bəylər həyat yoldaşını, uşaqlar ana və bacılarını, sevgililər sevdiklərini həyəcanla təbrik edir.

"Amma şagirdlər onlara təlim-tərbiyə keçən müəllimini təbrik edə bilmir. Çünki tədris prosesinə mənfi təsir göstərər. Yaxud da, bu kimi addımlar bəzilərində sui-istifadə kimi qiymətləndirilə bilər. Əslində biz hər hansı bir fəaliyyətdə sui-istifadənin önünü kəsməyi həmin prosesi ləğv etməkdə görməməliyik. Sui-istifadə olacaq deyə şagirdlərin müəllimlərini təbrik etməsinə veto qoymamalıyıq. Bunu tənzimləməyə çalışmalıyıq. Düşünürəm ki, ömrünü şagirdlərinə həsr edən bizim çoxlu fədakar müəllimlərimiz var. Madam bütün dünya 8 Martda xanımları təbrik edir, mən də təklif edirəm ki, ümumtəhsil məktəblərində fəaliyyət göstərən xanım müəllimləri Agentlik özü təbrik etsin. Kiçik bir hədiyyə alsın, şagirdlərə versin və şagirdlər də müəllimlərini təbrik etsin. Xanım müəllimlərə hədiyyə alaraq təbrik etmək nə inzibatı xətadır, nə də günah. Ailəmizdəkiləri təbrik ediriksə, müəllimi niyə təbrik etməyək? Madam şagirdlərin təbrik etməsini istəmirsiniz, siz özünüz müəllimlərə bir hədiyyə alın və şagirdləri ilə birgə təbrik edin. Hər bir xanım müəllimə hədiyyə alıb verin. Olmazmı? Niyə də olmasın? Həmkarlara yığılan pullar ilə rahat hədiyyə almaq mümkündür.

Amma düşünürəm ki, şagird bunu içdən, sevərək, müəlliminə dəyər verərək edirsə, bunun qarşısını almamalıyıq. Əgər 8 Mart şagirdi və onun müəllimini sevindirəcəksə, bunun qarşısını almadan fərqli üsullarla tənzimləməyə çalışmalıyıq. Məsələn, 30 nəfərlik bir sinif 50 qəpikdən toplayaraq 15 manata bir suviner ala bilər. Bunda bir qəbahət görülməməlidir. İldə 1 manat heç də böyük məbləğ deyil və bunu hər bir Azərbaycanlı ailə rahatlıqla verə bilər. Bu ənənə bütün dünyada davam edir...

Müəllimə olan 50 qəpiklik hədiyyə şagirdlərlə arasında böyük sevgi tərənnüm etdirəcəksə, mən 8 Martda müəllimin təbrik edilməsini dəstəkləyirəm", - deyə R.Nurəliyev bildirib.

Turan İSMAYIL