"Hədiyyə üçün uşaqlardan manat-manat pul yığılır, təhsil adına biabırçılıqdır" - AÇIQLAMA

"Bəzən direktoru, məktəbi qınayırıq, amma valideynlərdə də az günah yoxdur".
Bu fikri Redaktor.az-a təhsil eksperti Rizvan Fikrətoğlu bayramqabağı məktəblərdə direktor və müəllimlər üçün pul toplanaraq hədiyyə alınması mövzusundan danışarkən bildirdi.
Onun sözlərinə görə ümumiyyətlə, direktor belə hədiyyələri qəbul etməməlidir:
""Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda da göstərilir ki, bir şəxs dəyəri 55 manata qədər olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilər. Məsələn, direktora 1000 manatlıq qızıl verilirsə, bu, korrupsiya faktı hesab olunur. Düşünürəm ki, bu məsələlərlə bağlı cəmiyyət olaraq, ictimaiyyət olaraq mübarizə aparılmalıdır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin monitorinqləri sadəcə gözdən pərdə asmaqdır. Real tədbirlər həyata keçirilmir. Məsələn, bir direktorun fəaliyyəti sonlandırılıb. Düşünün ki, qapalı qapılar arxasında nə qədər belə hallar baş verir. Təsəvvür edin, direktor 600 manatı “dilənçi payı” adlandırır. Dilənçi olmayan şəxs bunu etməz. Bu şəxs nəinki direktor, heç təhsil adamı belə deyil. Burada valideynlər, ictimaiyyət mübarizə aparmalıdır. Hədiyyə üçün uşaqlardan manat-manat pul yığılır. Bu, təhsil adına biabırçılıqdır".
Ekspert qeyd etdi ki, valideynlərin yarısı pul verib, yarısı verməyəndə narahat olurlar.
"Düşünürlər ki, uşağına pis baxarlar. Doğrudan da belədir. Elə şəxslər var ki, uşağına heç yol pulu verib məktəbə göndərə bilmir. Bizdə sosial vəziyyət eyni deyil, imkanlar bərabər paylanmayıb. Əhali qrupunda həqiqətən də kasıb təbəqə mövcuddur. Bunu etiraf etməliyik. Bunları deməsək, proses daha da ağırlaşacaq.
Proses gözdən pərdə asmaq formasında aparılır. Deyərdim ki, bu gün təhsil sistemində vəziyyət pisləşməyə doğru gedir. Bunun bəlasını isə uşaqlar çəkir. Gənc nəsil bizi heç vaxt bağışlamayacaq. Aparmadığımız mübarizələr səbəbindən bağışlamayacaqlar.
Deyərdim ki, Azərbaycanın əksər məktəblərində artıq 8 Mart yığıncaqları, hədiyyə yığmaları başlayıb. Valideyn komitəsinin nəyə xidmət etdiyini bilmirəm. Yoxlamalar niyə formal aparılır və niyə ictimaiyyətə təqdim olunmur?", - deyə R.Fikrətoğlu sual etdi.
Aytəkin TOFİQQIZI