İmtahana buraxılış üçün yeni sistem tətbiq olunacaq - AÇIQLAMA

 14:51 04.03.2025     174

"Dövlət İmtahan Mərkəzi tərəfindən dəfələrlə çağırış olunur. İmtahana gələrkən abituriyentlər müvafiq sənədləri özləri ilə gətirməlidirlər".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elçin Əfəndi imtahana şəxsiyyət vəsiqəsi ilə buraxılma məsələsini şərh edərkən bildirdi.

Onun sözlərinə görə, imtahana şəxsiyyət vəsiqəsi ilə gəlmək ən vacib nüanslardan biridir:

"İmtahana buraxılış vərəqəsi və abituriyentin şəxsiyyət vəsiqəsi, əgər şəxsiyyət vəsiqəsi şəkilsizdirsə, üzərində 3:4 ölçüsündə şəkil olan arayış tələb olunur. İmtahana gələn şəxsin şəxsiyyət vəsiqəsinin olmaması müəyyən çaşqınlıqlar yarada bilər. Məsələn, başqasının əvəzinə imtahan vermək. Bu baxımdan şəxsiyyət vəsiqəsi vacibdir. Əlbəttə ki, qarşıdakı illər ərzində biz texnologiyanı daha da inkişaf etdirdikdə şəxsiyyət vəsiqəsinin təqdimatına ehtiyac qalmayacaq. Məhz rəqəmsal formada bu prosesi idarə etmək olacaq. Hər hansısa daşıyıcını müvafiq alətə yaxınlaşdırmaqla şəxs haqqında elmi informasiya çıxacaq. Beləliklə, abituriyent imtahan zalına buraxılacaq. Yəqin ki, bu sistem qarşıdakı illərdə tətbiq olunacaq. Amma hal-hazırda şəxsiyyət vəsiqəsi tələb olunursa, abituriyent aparmırsa, abituriyentin taleyi özündən asılı hala düşür".

Ekspert qeyd etdi ki, müəyyən səbəblərdən imtahana buraxılmayan abituriyentlərə DİM tərəfindən yenidən şans veriləcək.

"6 aprel tarixində əvvəlki illərin məzunları üçün imtahan keçiriləcək. Məhz o imtahanlarda şərait yaradılacaq ki, şəxsiyyət vəsiqəsi və ya buraxılış vərəqəsi olmadığı üçün imtahana buraxılmayan şəxslər imtahanda iştirak edə bilsinlər. Düşünürəm ki, abituriyentlər verilən bu şansdan maksimum yararlanmalıdırlar. Məsuliyyətsiz şəkildə prosesə yanaşmamalıdırlar. Yaradılan imkanla imtahanda iştirak etməlidirlər", - deyə E.Əfəndi vurğuladı.

Aytəkin TOFİQQIZI