Neqativ hallara qarşı hər sinifdə "valideyn komissiyası" yaradılmalıdır - TƏKLİF

"Hər il məktəb rəhbərliyi və bəzi müəllimlər tərəfindən müəyyən neqativ hallara yol verilir. Belə hallar əvvəllər daha çox yaşanırdı. Təəssüf ki, hal-hazırda da mövcuddur".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elmin Nuri 8 Mart Beynəlxalq Qadınlar Günü məktəblərdə qadın müəllimlər və direktorlar üçün pul yığılmasına qarşı hansı tədbir görülməsi məsələsini şərh edərkən bildirdi.
Onun sözlərinə görə bu halların birdəfəlik sonlandırılması asan deyil:
"Bunun üçün yanaşmalar dəyişdirilməlidir. Müəllimlər arasında illər boyu formalaşmış ənənələr və münasibətlər düzəldilməlidir. Valideynlərin müdaxilələri isə ümumiyyətlə aradan qaldırılmalıdır. 8 Mart və 5 Oktyabr tarixlərində baş verən hadisələrin arxasında 90 faiz hallarda valideynlər dayanır. Bundan tam əmin ola bilərsiniz. Bununla bağlı rəsmi dövlət qurumları tərəfindən məktəblərə təlimatlar göndərilir, göstərişlər verilir. Yerli regional təhsil idarələri bir tərəfdən, Elm və Təhsil Nazirliyi isə ayrıca olaraq bu məsələyə dair öz mövqeyini bildirir. Bir çox məktəblərdə direktor tərəfindən də xüsusi əmr kimi müəllimlərin diqqətinə çatdırılır. Bundan əlavə, əvvəlcədən araşdırmanın aparılması, düşünürəm ki, bu məsələni konteksdən çıxarar.
Şəxsən məndən soruşsanız ki, əlinizdə ixtiyar olsaydı, 8 Martdan əvvəl məktəblərdə araşdırmanı necə aparardınız, əmin olun ki, buna cavabım olmazdı. Təsəvvür edin ki, bir məktəbi sizin ixtiyarınıza veriblər və bildirirlər ki, 8 Martla bağlı tədqiqat aparın. Müəllimlərin hansı yaxşıdır, hansı pisdir, kiminsə niyyətinin pis olub-olmadığını müəyyənləşdirmək mümkün deyil".
Ekspert qeyd etdi ki, bu problemin həlli üçün çox sağlam şəkildə hər sinifdə valideyn komissiyaları yaratmaq olar.
"Votsap qruplarında neqativ halları artırmaq məqsədilə yaradılan komissiyalar nəzərdə tutulmur. Birbaşa təhsil qanunvericiliyinə və təhsil qanunlarına əsasən hərəkət edən komissiyalar yaradılmalıdır. Onlar baş verən neqativ hallarla bağlı məktəb rəhbərliyini və digər aidiyyəti qurumları məlumatlandırmalıdırlar. İrəli sürdüyüm ən vacib mexanizm budur", - deyə E.Nuri bildirdi.
Aytəkin TOFİQQIZI