Dərs saatları rüşvətlə bölüşdürülür - Ekspert: "Bölgü bu formatda aparılmalıdır"

 12:43 07.03.2025     2315

Bəzi təhsil müəssisələrində dərs saatlarının müəllimlərə rüşvətlə paylanması halları müşahidə olunur.

Bəs dərs saatları ədalətli formada necə paylanmalıdır ki, müəllimlər arsında narazılıq yaranmasın?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, dərs saatlarının bölüşdürülməsi zamanı əsasən üstünlük yüksək nəticəsi olan müəllimlərə verilir.

"Müəllimlərin işə qəbul imtahanında yüksək bal toplayan müəllimlər, o cümlədən illik qiymətləndirmədə yüksək nəticəsi olan müəllimlərə daha çox dərs saatları verilir. Nəticəsi zəif olan müəllimlərdə isə müqayisədə dərs saatları daha az olur. Bəzi hallarda təəssüflər olsun ki, dərs saatları rüşvətlə bölüşdürülür. Hətta yaxşı göstəricisi olmasına baxmayaraq bir müəllimin dərs saatı az, digər müəllimin zəif göstəricisi olmasına baxmayaraq dərs saatı çox olur. Bu saatlar rüşvətlə alınır. Bu, doğru yanaşma deyil".

Ekspert qeyd etdi ki, gələcəkdə müəllimlərin maaşı vahid əmək haqqı formatına salınarsa, bəlkə də bu ədalətli prinsip olar.

"Bu, dərs saatı nəzərə alınmadan aparılsa, xeyirli ola bilər. Belə olduqda, rüşvət məsələsi ortadan qalxa bilər. Əgər vəziyyət dərs saatlarına görə əmək haqqı hesablanması formasında davam edərsə, ən yaxşı halda yüksək göstəricisi olanlara dərs saatı çox verilməlidir. Bölgü bu formatda aparılmalıdır", - deyə Elçin Əfəndi bildirdi.

Aytəkin TOFİQQIZI