"Birinci sinifdə bir şagird olsa belə, ona ayrıca müəllim dərs deməlidir" - Fazil Mustafa

 12:45 07.03.2025     2498

"Ombudsmanın məruzəsində Ucar rayonundan misal gətirilib ki, birinci sinifdə şagird sayı 10-dan az olduğuna görə, ikinci siniflə birləşdirilib. Yarı bir, yarı isə ikinci sinif proqramı ilə dərs keçilməsinə etirazını ortaya qoyub. Bu, tamamilə məntiqlidir. Sabah ikinci sinif olmasa, birinci sinifi üçüncü siniflə birləşdirmək lazımdır?"

Redaktor.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bugünkü iclasında parlamentin komitə sədri Fazil Mustafa Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2024-cü il üzrə illik məruzəsinin müzakirəsi zamanı bildirib.

Deputat qeyd edib ki, Nazirlər Kabinetinin bu istiqamətdə qərarı var:

"Bu qərara baxılmalıdır. Birinci sinifdə bir şagird olsa belə, ona ayrıca müəllim dərs deməlidir. Bu proqramları dəyişmək olmaz. Ölkə həyatında təhsildən önəmli vacib məsələ olmamalıdır".