Məktəb direktorları və müavinləri bu qədər maaş alır - CƏDVƏL

 15:00 10.03.2025     182

Son vaxtlar mətbuat və sosial şəbəkələrdə məktəb direktorları ilə bağlı neqativ hallar tez-tez ictimailəşdirilir. Bəzi direktorların gündəmə gəlməsi onların müəllimlərdən rüşvət alması və məktəblərdə qanunsuz ödənişlər toplaması ilə bağlıdır.

Yenicə arxada qoyduğumuz 8 Mart bayramında da qadın direktorların bir çoxunun müəllimlərdən hədiyyə əvəzi kimi hansısa ödəniş aldığını birmənalı inkar etmək çətindir.

Təbii ki, qeyri-qanuni ödənişlərə “iştah göstərən” direktorların xoşagəlməz hərəkətləri ümumilikdə bütün məktəb rəhbərlərinin adına xələl gətirir. Başqa sözlə, qurunun oduna yaş da yanır.

Bəs bəzi dövlət ümumi təhsil müəssisələrinin direktorları qanunsuz ödənişlərə niyə belə hərisdirlər? Yəni onlar belə aşağı maaş alırlar?

Redaktor.az xəbər verir ki, modern.az saytı dövlət ümumi təhsil müəssisələrinin direktorları və onların müavinlərinin aylıq vəzifə maaşı ilə bağlı kiçik araşdırma aparıb.

Məlum olub ki, dövlət ümumi təhsil müəssisələrinin direktorları və direktorun müavinlərinin aylıq vəzifə maaşı sonuncu dəfə Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2023-cü il fevralın 1-dən 10 faiz artırılıb.

Nəticədə məktəb direktorlarının aylıq vəzifə maaşı 879 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 791 manat müəyyən edilib.

Amma bu, hamısı deyil. Belə ki, direktorlar və direktor müavinləri maaşa aylıq əlavə də alırlar.

Direktor və müavinlərinin maaşına aylıq əlavələr Nazirlər Kabinetinin 2022-ci il sentyabrın 1-dən qüvvəyə minən qərarına uyğun aşağldakı cədvəldəki kimi müəyyən edilib.


Göründüyü kimi, vəzifə maaşı və aylıq əlavələr toplamda məktəb direktoru və müavinlərinin məvaciblərinin heç də az olmadığını söyləməyə əsas verir. Məsələn, vəzifə maaşı 879 manat olan direktorun çalışdığı məktəbdə şagirdlərin sayı 1000 nəfərdən çoxdursa, onda 900 manat da əlavə alır ki, bu da toplam 1779 manat edir.