"Əgər DİM hər il belə ictimai qınaq görürsə, bu tip suallardan uzaq durmalıdır"

Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanlarında bəzi problemlər müşahidə olunub. Abituriyentlər ingilis-dili fənnindən salınan dinləmələrin başa düşülməməsindən şikayətləniblər.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, DİM kimi böyük bir qurumun, dövlətin bütün istiqamətləri üzrə qəbul imtahanlarını həyata keçirən təşkilatın buraxılış imtahanında ingilis dili fənni üzrə səsləndirdiyi sual formatı abituriyentlər üçün ciddi narazılıq törədirsə, bunu DİM ciddi formada fikirləşməlidir:
"Belə bir qurumda müasir texnoloji avadanlıqlar yoxdursa, müasir tələblərə cavab verən dinləmə aparatları yoxdursa və ya əksikdirsə, DİM qısa zamanda bunu təmin etməlidir. Həqiqətən də keçən il olduğu kimi, bu il də dinləmə suallarında ciddi narazılıq olduğunu, abituriyentlər dinləmə zamanı problemlər yarandığını bildirirlər. İstər-istəməz, abituriyentlərə hər hansısa dinləmə sualında səsləndirilən sual əgər başa düşülən deyilsə, aparatlarda hər hansısa nöqsan varsa və abituriyent bunun təkrarən səsləndirilməsini tələb edirsə, bu səsləndirilmir. Bu zaman abituriyent həmin anda müəyyən travma ala bilər. Abituriyent stress və əsəb keçirə bilər. Abituriyent səsləndirməni başa düşmədikdə, sualı rahatlıqla yaza bilməyəcək. Bir az gülünc vəziyyət formalaşmış olur".
Ekspert qeyd etdi ki, biz beynəlxalq imtahanlara uyğun formatda imtahan keçirməyə çalışırıq.
"Məsələn, özümüzü IELTS imtahanı keçirən formada göstəririk. İmtahan keçirmə qabiliyyətimiz yox səviyyəsindədir. Bütün imtahan məntəqələrinə aid etmək olmaz, amma müəyyən imtahan məntəqələrində həqiqətən də səsləndirilən suallarla bağlı ciddi nöqsanlar olduğu qeyd olundu. Əgər DİM hər il belə ictimai qınağı görürsə, bu tip suallardan uzaq durmalıdır. Əgər bu sualda nöqsan olacaqsa, ictimaiyyət bundan narazılığını ifadə edəcəksə, DİM bunu etməməlidir. DİM ingilis dilində olan məsələyə ciddi diqqət göstərməlidir. Bunu edə biliriksə, edək, edə bilmiriksə, etməyək. Dinləmə etməsək, ciddi bir şey itirmirik. Sadəcə beynəlxalq səviyyə formasında imtahan keçirməmiş olarıq. Bu, o qədər də ciddi problem deyil. Bu ictimai tənqiddən, qınaqdan daha yaxşıdır. DİM səsləndirmələri abituriyentlərə keyfiyyətli formada təqdim etmir. Burada abituriyent də, müəllim də, hətta nəzarətçilər belə narazılıq edir. Belə bir vəziyyətdə DİM-in bu formada imtahan keçirməməsi daha məqsədə uyğundur", - deyə R.Nurəliyev bildirdi.
Aytəkin TOFİQQIZI