Bakı Biznes Universitetindəki görüntülər qınanıldı - AÇIQLAMA

 17:59 10.03.2025     216

Bakı Biznes Universitetinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirində çəkilən görüntülər sosial şəbəkələrdə gündəm olub. Tələbələrin özünü Kəmalə Günəşli kimi təqdim edən müğənnini parodiya etməsi birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elmin Nuri bildirdi ki, ali təhsil müəssisələri öz imiclərinə uyğun davranmalıdırlar.

"Məsələni yalnız təhsil müəssisələrinin üzərində məhdudlaşdırmaq istəmirəm. Ümumi mənada demək istəyirəm ki, hər bir ali təhsil müəssisəsinin özünün imici var. Həmin ali təhsil müəssisəsi imicinə uyğun davranılması məcburdur. Çünki bir müəssisə ali təhsil profilini öz üzərində daşıyırsa, onun artıq yazılmış və yazılmamış öhdəlikləri var. Necə ki, dini ibadət yerlərində, teatrlarda və s. hər yerin özünün şüuraltı, yazılmamış qaydaları var. Biz bilirik ki, məsciddə əyləncəli nəsə təşkil etmək olmaz. Məsələn, Akademik Milli Dram Teatrında tam əyləncəli və ciddiyyətdən kənar nəsə təşkil etmək olmaz. Çünki bir imici var. Hər hansısa tarixi dövlət qoruqlarında şou göstərmək olmaz. Həmçinin biz bunu ali təhsil müəssisəsi haqqında bilirik. Ali təhsil müəssisəsi öz adından əlavə, dövləti, çalışanlarını şüuraltı təmsil edir.

Kənar bir insan üçün "X" adlı təhsil müəssisəsi ilə "Y" adlı təhsil müəssisəsi arasında bir fərq yoxdur. Tutalım, 75 yaşlı insan bu müəssisələrin hər birinə təhsil müəssisəsi deyir. Deməli, universitet profili bütün məkanları birləşdirir. Hər hansısa məkanda bu formada hallar yaşanırsa, bu, artıq bütün universitet imicini zədələyir. Məntiq budur, məntiqə əsasən baş vermiş hadisəni o qədər də uyğun hesab etmirəm".

Ekspert qeyd etdi ki, universitetdə insanların əylənmə hüququ var.

"Bu dünya təcrübəsində də öz əksini tapıb. Lazım gələrsə, əylənmək olar. Amma burada sərhədlər var. Universitet imicinə toxunana qədər hər şey etmək olar. Türkiyənin məşhur universitetlərində hər il məzun gecəsində öz müəllimləri üçün şou hazırlayırlar. Bu onlar üçün imicə çevrilib. Məsələn, mən hər il diqqət edirəm ki, Türkiyənin ODTÜ universiteti hansı şouları həyata keçirir. İmicin qorunma nöqtəsinə qədər hər şey ola bilər. Amma həmin nöqtəyə toxunulursa, düşünmək lazımdır", - deyə E.Nuri vurğuladı.

Aytəkin TOFİQQIZI